Ezonn Xəbər

İki gün morqda, 46 gün komada qalan qazi: "İlk anamı xatırladım": MÜSAHİBƏ

İki gün morqda, 46 gün komada qalan qazi: "İlk anamı xatırladım": MÜSAHİBƏ
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, birlik və fədakarlıq salnaməsi kimi həkk olunub. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə minlərlə igid Azərbaycan əsgər və zabitinin canı, qanı bahasına əldə edilib. Bu Zəfərin arxasında ağır döyüşlər, itkilər, yarımçıq qalan arzular və unudulmaz qəhrəmanlıq hekayələri dayanır. Vətən müharibəsində iştirak edən, ağır döyüş yolu keçən və ölümün pəncəsindən qayıdan qazilərimizin xatirələri isə Qələbənin hansı çətinliklər hesabına qazanıldığını bir daha göstərir. İki gün morqda, 46 gün komada qalan və yaddaşı yalnız 11 aydan sonra tam bərpa edilən Vətən müharibəsi qazisi Xankişi Yusifov da həmin qəhrəmanlardan biridir. O, Zəfərə aparan mübarizəni "Cebheinfo.az" -a müsahibəsində danışıb: -Müharibənin ilk gününü necə xatırlayırsınız? -Mən özüm hərbçi olmuşam, xüsusi təyinatlı kəşfiyyat və əməliyyat bölmələrində xidmət etmişəm. Qrup komandiri idim. Bir çox döyüşlərdə iştirak etmişəm. 2016-cı il döyüşlərində də olmuşam, gizli tapşırıqlarda və əməliyyatlarda iştirak etmişəm. Müharibənin ilk gününü çox yaxşı xatırlayıram. Şəxsən özüm böyük coşqu və qürur hissi keçirirdim. Çünki artıq qisasımızı alacağımıza, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyimizə inanırdım. Onların 1992, 1993 və 1994-cü illərdə xalqımıza yaşatdıqlarının, xüsusilə 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımının, namus və ləyaqətimizə vurulmuş zərbənin qisasını alacağıq. Xalqımıza qarşı törədilmiş həmin faciəvi və vəhşicəsinə əməllərin cavabını verəcəyimizə, onların vaxtilə iyrənc hərəkətlərini qanla yuyub, təmizləyib qisasımızı alacağımıza, torpaqlarımızı azad edəcəyimizə görə böyük qürur və coşqu hissi keçirirdim. Müharibə, əlbəttə, ağırdır. Bu yolda itkilər verirsən, dostlarını, silahdaşlarını, illərlə çiyin-çiyinə xidmət etdiyin, çörək kəsdiyin insanları itirirsən. Amma ən böyük fərəhimiz torpaqlarımızın işğaldan azad olunması oldu. Biz namus və ləyaqətimizi təmizlədik. Mənim üçün ən yaddaqalan məqam məhz budur. -Tərtər–Ağdərə–Suqovuşan istiqamətində döyüşmüsünüz. Həmin istiqamətdə döyüşlər necə gedirdi? Ən ağır və yaddaqalan döyüşünüz hansı olub? -Bəli, mən Tərtər-Ağdərə-Suqovuşan istiqamətində döyüşmüşəm. Həmin döyüşlər çox ağır idi. Çünki düşmən ən böyük qüvvəsini məhz Tərtər-Ağdərə-Suqovuşan istiqamətində toplamışdı. Bunu döyüşçülər və əsl hərbçilər bilirlər ki, döyüşlərin ən ağırı Suqovuşan-Tərtər istiqamətində gedib. Əgər Tərtər-Ağdərə-Suqovuşan istiqaməti alınmasaydı, həmin ərazilər düşməndən təmizlənməsəydi, digər tərəfdən Şuşaya qədər gedib çıxan yollar açılmayacaqdı. Mənim üçün o döyüşlərin hər anı ağır və yaddaqalandır. Ağırdır, ona görə ki, döyüş yoldaşlarını itirirdin. İllərlə birlikdə xidmət etdiyin dostlarımızı itirirdik. Bu da ağırlığı ilə yaddaşlardan silinmir. Yaddaqalan digər məqam isə odur ki, torpaqlarımızı azad etdikcə sanki təbiət gülürdü, torpaq gülürdü. Elə bil torpaq bizə “Nə yaxşı ki, sizlər gəldiniz, bizi düşmən tapdağından azad etdiniz”, – deyirdi. Orada yaşanan ağrılı, sevincli hadisələrin hamısı saniyəbəsaniyə yadımdadır. Döyüşdə həmişə iki cür xatirə yadda qalır: biri ağır, digəri isə xoş. Ağır olan döyüş yoldaşlarını, qan qardaşlarını itirməkdir. Xoş xatirə isə düşməndən torpaqları azad etmək və qisasını almaqdır. -Döyüş yoldaşlarınızla birlikdə yaşadığınız və heç vaxt unutmayacağınız xüsusi bir hadisə varmı? -Bu, çox gözəl sualdır. Bəli, döyüş yoldaşlarımızla bağlı yaddaşımızda qalan xüsusi anlar çoxdur. Sadəcə, bunları danışsam, saatlarla vaxt aparar. Birlikdə yaşadığımız xatirələr heç vaxt yadımızdan çıxmayacaq. Elə orada yaşadığımız hər an yaddaşımıza əbədi həkk olunub. Bunların hamısını bir-bir danışmaq saatlarla vaxt aparar. Bircə onu deyə bilərəm ki, döyüş yoldaşlarımla çiyin-çiyinə döyüşə girmək və həmin döyüşlərdə yaşadıqlarım heç vaxt yadımdan çıxmayacaq.