Ezonn Xəbər

Tarixin ən qorxunc vəsiyyətnamələri

Tarixin ən qorxunc vəsiyyətnamələri
Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir. İnsan öldükdən sonra arxasında nə qoyur? Ev, pul, torpaq, zinət əşyaları, yoxsa ömrü boyu gizlətdiyi sirlər? Tarixdə elə vəsiyyətnamələr olub ki, onları oxuyan varislər sevinmək əvəzinə dəhşətə gəliblər. Kimisi övladlarına milyonlarla dolları yalnız müəyyən şərtlərlə verib, kimisi ölümündən sonra cəsədinin sərgilənməsini istəyib, kimisi isə bütün sərvətini tanımadığı insanlara bağışlayıb. Bəzi vəsiyyətlər hətta məhkəmə çəkişmələrinə, ailə qalmaqallarına və illərlə davam edən mübahisələrə səbəb olub. Lent.az xarici KİV və tarixi sənədlərə istinadən dünyanın ən qəribə və qorxunc vəsiyyətnamələrini təqdim edir. İngilis filosofu Ceremi Bentamın 1832-ci ildə vəfatından əvvəl hazırladığı vəsiyyətnamə tarixin ən qeyri-adi sənədlərindən sayılır. Filosof ölümündən sonra cəsədinin adi qaydada dəfn edilməsini istəməyib. O, bədəninin elmi məqsədlərlə yarılmasını, skeletinin qorunmasını, öz paltarları geyindirilməklə stulda oturdulmasını və gələcək nəsillərə göstərilməsini tapşırıb. Ən təəccüblüsü isə odur ki, bu istək həqiqətən yerinə yetirilib. Bentamın skeleti xüsusi qaydada qorunub, baş hissəsinə isə mumdan hazırlanmış surət yerləşdirilib. Onun qurudulmuş əsl başı ayrıca saxlanılır. Bu gün filosofun həmin görüntüsü London Universitet Kollecində nümayiş etdirilir. Bentamın ölümündən sonra dostlarının toplantılarında iştirak etmək istədiyi barədə də məlumatlar var. Lakin onun hər universitet iclasında iştirak etməsi haqqında yayılan məşhur hekayələr tarixi fakt deyil. ABŞ-nin məşhur milyarderlərindən Leona Helmsli 2007-ci ildə vəfat etdikdən sonra ailəsini təəccübləndirən vəsiyyətnamə üzə çıxıb. O, sevimli iti Trablın saxlanılması üçün 12 milyon dollar ayırıb. Ancaq iki nəvəsini mirasdan məhrum edib. Digər iki nəvəsinə isə milyonlarla dollar qoysa da, bunun müqabilində sərt şərt müəyyənləşdirib. Onlar atalarının məzarını ildə ən azı bir dəfə ziyarət etməli idilər. Əks halda miraslarını itirmək təhlükəsi ilə üzləşəcəkdilər. Milyarderin vəsiyyətnaməsində itinin ölümündən sonra onun öz məzarının yaxınlığında dəfn edilməsi də nəzərdə tutulub. Hadisə ABŞ-də böyük qalmaqala səbəb olub. Sonradan məhkəmə itin saxlanılması üçün ayrılan 12 milyon dolları 2 milyon dollara endirib. Kanadalı varlı hüquqşünas Çarlz Vens Millar 1926-cı ildə vəfat edərkən arxasında inanılmaz vəsiyyətnamə qoyub. O, sərvətinin əsas hissəsinin ölümündən sonrakı on il ərzində Toronto şəhərində ən çox uşaq dünyaya gətirən qadına və ya qadınlara verilməsini istəyib. Minlərlə insanın diqqətini çəkən hadisə tarixə “Böyük leylək yarışı” adı ilə düşüb. Maddi vəziyyəti çətin olan ailələr arasında böyük mükafat uğrunda rəqabət yaranıb. Yarış xüsusilə Böyük Depressiya illərinə təsadüf etdiyi üçün ictimai müzakirələrə səbəb olub.