8 Noyabr onun günüdür...

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Bir insana bütöv bir xalqın arzularını gerçəkləşdirmək missiyası verilərmi? Tarix, Tanrı, Kainat bəzən bir Liderin çiyinlərinə elə böyük məsuliyyət qoyur ki, onun daşıdığı yük yalnız bir dövlətin deyil, milyonlarla insanın taleyi, keçmişi, gələcəyi, milli ləyaqəti olur. İlham Əliyev məhz belə bir tarixi məsuliyyəti öz üzərinə götürən və onu Zəfərlə tamamlayan Liderdir. Bu gün - 8 Noyabr onun günüdür. Onun rəhbərliyi ilə tarix yazan Azərbaycan xalqının günüdür. Dünyada çox gözəl şəhərlər var. Küçələrində gəzişərkən memarlığına heyran qalırsan, tarixini həvəslə öyrənirsən, gözəlliyindən gözlərin qamaşır. Amma elə şəhər(lər) də var ki, onlar sadəcə coğrafi məkan deyil. Bir millətin ruhudur, yaddaşıdır, vicdanıdır, qürurudur, şərəfidir. Hətta sevgi hekayəsidir… Şuşa Azərbaycan xalqının qəlbində heç vaxt yalnız bir şəhər olmayıb. O, bizim ilk məhəbbətimiz, məskənimiz, yuvamız, son otuz ildə isə yaralı yaddaşımız, yarımçıq qalmış sevincimiz, içimizdə illərlə gəzdirdiyimiz nisgilimiz olub. Şuşanın işğalı ilə yalnız torpağımızımı itirdik? Sanki qəlbimizdən bir parça qoparılmışdı. O parçanın yerinin sızıltısı, ağrısı bizi 2020-ci ilin 8 noyabrına qədər yandırıb-yaxdı. Otuz ilə yaxın bu ağrı ilə yaşadıq. Daha doğrusu, yaşamağa, dözməyə çalışdıq. Şuşanın adını çəkəndə gözləri dolan insanlarla, doğulduğu evin qapısını bir daha aça bilməyəcəyindən qorxan qocalarla, atasının yurdunu yalnız şəkillərdən tanıyan uşaqlarla böyüdük biz. Yaşımızın üstünə otuz yaş gəldi. Həsrətimizin üstünə otuz ilin ağırlığı çökdü. Şuşaya qayıdacağımıza inandıq. Bəzən bu inamı dilimizə gətirməyə belə qorxduq. Çünki insan ən çox gerçəkləşməsini istədiyi arzunun puç olmasından qorxur. 2020-ci ilin o gözəl, o unudulmaz 8 noyabrında möcüzə baş verdi. Azərbaycan Prezidenti İlham Əliyev xalqına Şuşanın azad edildiyini elan etdi. O gün bir Prezident sadəcə hərbi qələbə xəbərini vermirdi. Bir Lider milyonlarla insanın qəlbində otuz ilə yaxın daşlaşmış kədəri sevincə çevirirdi. O gün biz təkcə Şuşanı deyil, özümüzə olan inamımızı, milli qürurumuzu, tarix qarşısında başımızı dik tutmaq haqqımızı geri qaytardıq. O gün bir millətin otuz illik həsrəti iki kəlməyə sığdı: Bu iki kəlməyə nə qədər sevinc, nə qədər qürur, nə qədər göz yaşı, nə qədər dua, nə qədər şükranlıq sığır…