Üçrəngli bayrağımız – müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin rəmzi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
“Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Ümummilli Lider Heydər Əliyevin bu müdrik fikirləri Dövlət Bayrağımızın milli kimliyimizdə və dövlətçilik tariximizdə tutduğu əvəzsiz yeri, daşıdığı mənəvi yükü dolğun ifadə edir. Çünki bayraq yalnız bir dövlətin rəsmi atributu deyil, xalqın tarixi yaddaşının, milli iradəsinin, azadlıq arzusunun və gələcəyə inamının təcəssümüdür. Azərbaycan xalqı üçün üçrəngli bayrağımız həm də müstəqilliyimizin müqəddəs nişanəsi, milli qürurumuzun və birliyimizin rəmzidir. Hər il noyabrın 9-da qeyd etdiyimiz Dövlət Bayrağı Günü bizi şanlı tariximizə, dövlətçilik ənənələrimizə və müstəqillik uğrunda mübarizəmizə bir daha nəzər salmağa sövq edir. Bu əlamətdar gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın dövlətçilik tariximizdəki müstəsna əhəmiyyətini xatırlatmaqla yanaşı, onun qorunmasının və daim ucalarda dalğalanmasının hər birimiz üçün nə qədər böyük mənəvi məsuliyyət daşıdığını göstərir. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən 1918-ci il noyabrın 9-da qəbul edilən üçrəngli bayraq xalqımızın müstəqil dövlət qurmaq əzminin tarixi ifadəsi idi. Mavi, qırmızı və yaşıl rənglərdə öz əksini tapan türkçülük, müasirlik və islamçılıq ideyaları milli istiqlal məfkurəmizin əsasını təşkil edirdi. Bu ideoloji düsturun müəllifi Əli bəy Hüseynzadənin düşüncələri Azərbaycan xalqının milli özünüdərk tarixində mühüm mərhələ oldu. Bayrağımızın hər bir rəngi milli kimliyimizin, mənəvi dəyərlərimizin və müasir dünyaya inteqrasiya istəyimizin ayrılmaz vəhdətini ifadə edir. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız uzun illər dövlət rəmzi kimi dalğalana bilmədi. Lakin xalqımızın yaddaşından, qəlbindən və müstəqillik arzusundan heç zaman silinmədi. Məhz Ümummilli Lider Heydər Əliyevin tarixi uzaqgörənliyi və qətiyyətli mövqeyi sayəsində milli bayrağımız yenidən dövlətçilik tariximizin ön sıralarına qayıtdı. 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımızın qaldırılması milli dövlətçilik tariximizdə dönüş nöqtəsinə çevrildi. Bu, sadəcə, bir dövlət rəmzinin bərpası deyildi. Bu, sovet ideologiyasının hökm sürdüyü bir dövrdə milli iradənin, müstəqillik əzminin və tarixi yaddaşın nümayişi idi. 1991-ci il fevralın 5-də üçrəngli bayrağımızın yenidən Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi, həmin ilin oktyabrında dövlət müstəqilliyimizin bərpası ilə onun suveren dövlətimizin əsas rəmzlərindən birinə çevrilməsi Ulu Öndərin müəyyənləşdirdiyi milli dövlətçilik xəttinin tarixi nəticəsi idi. Heydər Əliyevin rəhbərliyi ilə milli atributlarımıza verilən yüksək dəyər sonrakı illərdə də dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi davam etdirildi. Bu gün üçrəngli bayrağımızın ölkəmizin hər yerində, beynəlxalq təşkilatların iqamətgahları qarşısında və dünyanın müxtəlif guşələrində dalğalanması müstəqil Azərbaycanın qazandığı nüfuzun göstəricisidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, burada Dövlət Bayrağı Muzeyinin fəaliyyətə başlaması milli rəmzlərimizə göstərilən ehtiramın parlaq nümunəsidir. Bu məkan yalnız möhtəşəm memarlıq və mühəndislik nümunəsi deyil, həm də Azərbaycanın zəngin dövlətçilik tarixini, müstəqillik yolunu və milli qürurunu yaşadan mənəvi ünvanlardan biridir. Lakin üçrəngli bayrağımızın tarixində ən böyük qürur səhifələrindən biri onun işğaldan azad edilmiş torpaqlarımızda yenidən ucaldılmasıdır. Uzun illər xalqımızın qəlbində yaşayan, hər bir azərbaycanlının arzusuna çevrilən bu müqəddəs an 2020-ci ildə Xilaskar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər nəticəsində gerçəkləşdi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının sarsılmaz iradəsini, ordumuzun qəhrəmanlığını və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də tarixi ədaləti, milli qüruru və beynəlxalq hüququn prinsiplərini öz gücü hesabına təmin etdi. Həmin günlərdə üçrəngli bayrağımızın azad edilən şəhər və kəndlərimizdə dalğalanması hər bir azərbaycanlının qəlbində unudulmaz sevinc və fəxarət hissi yaratdı. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda və digər azad edilmiş ərazilərimizdə Dövlət Bayrağımızın ucaldılması xalqımızın onilliklər boyu gözlədiyi tarixi anların gerçəkləşməsi idi. Prezident İlham Əliyevin bu torpaqlara etdiyi səfərlərdə Azərbaycan Bayrağını ucaltması dövlətimizin suverenliyinin, milli iradəmizin və tarixi qayıdışımızın dünyaya nümayişi oldu. Xankəndidə üçrəngli bayrağımızın dalğalanması, 2023-cü ildə şəhərdə keçirilən hərbi parad isə Azərbaycanın suverenliyinin tam bərpasının rəmzinə çevrildi. 2024-cü il noyabrın 8-də Dövlət Bayrağı Meydanının yenidən açılması və Prezident İlham Əliyevin burada Azərbaycan Bayrağını ucaltması da Zəfər tariximizin rəmzi hadisələrindən biri kimi yadda qaldı. Meydanda dünyanın ən böyük bayraqlarından birinin dalğalanması, Dövlət Bayrağı Muzeyində yaradılan “Zəfər qalereyası” xalqımızın qəhrəmanlıq salnaməsini gələcək nəsillərə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün bayrağımızın ucalığı həm də ölkəmizin inkişafının, güclənən ordumuzun, artan beynəlxalq nüfuzumuzun və suverenliyimizin göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan insanların həyatında baş verən dəyişikliklər üçrəngli bayrağımızın altında yeni tarix yazıldığını göstərir. Bir zamanlar dağıdılmış şəhər və kəndlərimizdə bu gün həyat yenidən canlanır, məktəblər, yollar, yaşayış məntəqələri qurulur. Bayrağımızın dalğalandığı hər bir qarış torpaq dövlətimizin qüdrətinin və xalqımızın yenilməzliyinin ifadəsidir. Dövlət Bayrağımıza ehtiram, eyni zamanda, hər bir vətəndaşın Konstitusiya ilə müəyyən edilmiş borcudur. Lakin bu ehtiram yalnız bayram günlərində bayraq önündə dayanmaq, onu rəsmi tədbirlərdə nümayiş etdirməklə məhdudlaşmamalıdır. Bayrağa sevgi Vətənə sədaqətdə, dövlətçiliyə bağlılıqda, milli maraqların qorunmasında, ölkənin inkişafına töhfə verməkdə, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində öz ifadəsini tapmalıdır. Xüsusilə gənclərimiz bilməlidirlər ki, bu bayrağın hər rənginin, hər simvolunun arxasında böyük bir tarix, mübarizə və fədakarlıq dayanır. Ümummilli Lider Heydər Əliyevin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik” çağırışı bu gün də hər birimiz üçün mənəvi və vətəndaşlıq borcudur. Prezident İlham Əliyevin “Bizim bayrağımız qürur mənbəyimizdir” fikri isə bu müqəddəs rəmzin müasir Azərbaycan dövlətçiliyindəki yerini və xalqımızın mənəvi dünyasındakı əhəmiyyətini ifadə edir. Bu gün üçrəngli bayrağımız yalnız keçmişimizin yadigarı deyil, həm də gələcəyimizin ümid və inam rəmzidir. O, müstəqilliyimizin əbədiliyini, dövlətimizin suverenliyini, xalqımızın birliyini və qalib Azərbaycanın yenilməzliyini təcəssüm etdirir. Bayrağımızın hər dalğalanışı bizə tariximizi, qəhrəmanlarımızı, şəhidlərimizin müqəddəs xatirəsini və gələcək nəsillər qarşısında məsuliyyətimizi xatırladır. Azərbaycan Bayrağı bir millətin azadlıq andı, bir dövlətin şərəfi, bir xalqın qürurudur. O, Vətənimizin səmasında daim yüksəklərdə dalğalanacaq, müstəqilliyimizin və Zəfərimizin rəmzi kimi gələcək nəsillərə ötürüləcəkdir. Bayrağımız ucaldıqca Azərbaycan ucalır! Azərbaycan gücləndikcə üçrəngli bayrağımızın şöhrəti daha uzaqlara yayılır! Yaşasın müstəqil Azərbaycan! Yaşasın üçrəngli Dövlət Bayrağımız!