Opera və Balet Teatrında Zəfər Gününə həsr olunmuş konsert keçirilib

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təqdim edilib. "Cebheinfo.az" xəbər verir ki, Mustafa Mehmandarovun dirijorluğu ilə keçirilən konsertdə teatrın simfonik orkestri, solistləri, xoru və balet truppası iştirak edib. Musiqi gecəsi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlayıb. Konsertdə Məhəmməd Şəmmədov “Sevgili canan”, Səma Həmzəyeva “Ölkəm”, Xəyal Hüseynov “Xudayar təsnifi”, Xalq artisti Mənsum İbrahimov isə “Qarabağ” mahnısını ifa edib. Proqram çərçivəsində “Koroğlu” operasından “Cəngi” orkestr və balet truppasının birgə ifasında təqdim olunub. Cavanşir Quliyevin “Əsgər marşı” teatrın xoru tərəfindən səsləndirilib. Müslüm Maqomayevin “Odlar yurdu” əsərini isə Mahir Tağızadə xorun müşayiəti ilə ifa edib. Milli musiqi nümunələrinin yer aldığı konsert proqramı tamaşaçılara Zəfər Gününün qürur və sevincini yaşadıb. Gecə Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, musiqi irsini və Vətənə bağlılığını sənətin dili ilə nümayiş etdirib.