Ezonn Xəbər

Ərdoğan: “Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq”

Ərdoğan: “Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq”
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. “Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs cəhd göstərirlər. İki ölkə arasında tam həmrəylik, tale birliyi və qardaşlıq hüququ var. Bölgəmizdə və dünyada digər qardaşlarımızla birlikdə türk dünyasının güclü səsini yüksəldəcək, firavan gələcəyimizi birlikdə quracağıq”. Bizim.Media xəbər verir ki, Ərdoğan bu barədə Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb. Türkiyə lideri iki ölkə arasında məsafə yaratmağa çalışanların xalqların bir-birinə olan sevgisini, tarixi bağlarını və sarsılmaz iradəsini nəzərə almadıqlarını söyləyib. Ərdoğan Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birlikdə hərəkət etdikdə hansı addımları ata bildiklərini görmək üçün tarixə nəzər salmağın kifayət etdiyini vurğulayıb. O, ölkələrin fərqli dövlət və institusional strukturlara malik olmasına baxmayaraq, qardaşlıq bağları ilə bir-birinə sıx bağlı olduğunu bildirib. Prezident bu birliyi zəiflətməyə çalışan qüvvələrin müxtəlif oyunlarına qarşı diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, dezinformasiyaya inanmamaq, bütün məsələlərdə birbaşa, səmimi və açıq kommunikasiya kanallarından istifadə etmək vacibdir. Ərdoğan Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitində də bu məsələyə toxunduğunu xatırladıb: “Türk dünyasının ailə fotosunda ayrılığa, fərqliliyə və ixtilafa yer yoxdur. Hamımız birik, birlikdəyik. Əzəldən əbədiyyətədək, inşallah, qardaşıq”. Türkiyə Prezidenti Türkiyə və Azərbaycanın bundan sonra da regionda sülh, sabitlik və rifah naminə çiyin-çiyinə fəaliyyətlərini davam etdirəcəklərini bildirib. Bizim.Media