16 nəfərin öldüyü dəhşətli partlayışla bağlı 6 nəfər tutuldu

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda yerləşən “Habaş” dəmir-polad zavodunda 16 işçinin ölümü ilə nəticələnən ağır faciədən sonra hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı istintaq tədbirləri həyata keçirilib. “Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı aparılan ilk araşdırmalar çərçivəsində 6 şübhəli şəxs saxlanılıb. Menemen Baş Prokurorluğu tərəfindən verilən rəsmi bəyanatda bildirilib ki, dəhşətli partlayış saat 12:00 radələrində müəssisənin polad istehsalı sexində baş verib. Faciənin başvermə səbəblərinin araşdırılması məqsədilə dərhal cinayət işi açılıb və 4 prokurordan ibarət xüsusi istintaq qrupu yaradılıb. Məhkəmə ekspertləri və mütəxəssislər prokurorların birbaşa nəzarəti altında zavodun istehsal sahəsində kompleks yoxlamalar həyata keçiriblər. Hadisədə səhlənkarlığı və məsuliyyəti olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində saxlanılan 6 şübhəli şəxs barəsində istintaq hərəkətləri intensiv şəkildə davam etdirilir.