Moskvada mühüm iclas: Ermənistan boykot etdi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib. İclasda qlobal hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik və Rusiyanın bu ilki KTMT sədrliyinin prioritetlərinin həyata keçirilməsi müzakirə edilib.
Rusiya xarici işlər naziri Sergey Lavrov açılış nitqi ilə tədbirdə iştirak edib. Lakin Ermənistan, təşkilatın bu mühüm iclasını yenidən boykot edərək, həmin tədbirdə nümayəndə göndərməmək qərarına gəlib. Bu, Ermənistanın KTMT-yə üzvlük ilə bağlı suallar doğurur.
Rusiya rəsmiləri və KTMT rəhbərliyi, Ermənistanın KTMT-yə üzvlüyünün gələcəyinin müzakirə olunacağını açıqlayıb. KTMT-nin baş katibi Taalatbek Masadılkov, Ermənistanın faktiki olaraq təşkilatdan çıxdığını bildirib. Onun sözlərinə görə, Ermənistan müzakirələrdə və qərarların qəbulunda iştirak etmir, həmçinin təşkilatın əsas tədbirlərinə və hərbi təlimlərinə qatılmır.
Baş katib, bu vəziyyəti KTMT Nizamnaməsinin 25-ci maddəsi ilə əlaqələndirərək, Ermənistanın təşkilatdan özbaşına çıxdığını qeyd edib. Rusiya XİN sözçüsü Mariya Zaxarova, KTMT sammitində Ermənistana qarşı məhdudlaşdırıcı tədbirlərin müzakirəsini istisna etmədiklərini vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də Moskvada KTMT ölkələrinin dövlət başçılarının sammitinin keçirilməsi planlaşdırılır.