Razi Nurullayev erməni həmkarı ilə görüşdü - FOTOLAR

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Razi Nurullayev, Vyanada "İşıqlı Ermənistan" Partiyasının rəhbəri Edmond Marukyan ilə beynəlxalq təşkilatların təşkilatçılığı ilə bir araya gəlib. Görüş Avstriya Milli Müdafiə Akademiyasında baş tutub və burada regiondakı siyasi vəziyyət, sülh müqaviləsinin perspektivləri, TRIPP layihəsi ətrafında əhatəli müzakirələr aparılıb.
Nurullayev görüşün açıq və konstruktiv atmosferdə keçdiyini bildirib. O, bəzi erməni siyasi dairələrinin radikal mövqelərini yavaş-yavaş dəyişərək konstruktiv yanaşmalara meyilləndiyini vurğulayıb ki, bu da davamlı sülhün formalaşmasında müsbət tendensiya sayılır.
Müzakirələrdə Nurullayev, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsini gündəmə gətirib. Onun sözlərinə görə, bu məsələnin həlli sülh prosesinin fundamental şərtlərindəndir və davamlı sülh müqaviləsinin imzalanması ilə birbaşa əlaqəlidir.
TRIPP layihəsinə də toxunan Nurullayev, bu təşəbbüsü Cənubi Qafqazda iqtisadi əlaqələrin genişlənməsi və regional əməkdaşlığın inkişafı baxımından mühüm bir fürsət kimi dəyərləndirib. Eyni zamanda, Qarabağda gedən bərpa və quruculuq işləri, müharibə cinayətləri ilə bağlı məsuliyyət məsələləri də müzakirə edilib.
Razi Nurullayev, Azərbaycanın sülh tərəfdarı olduğuna diqqət çəkərək, sülhün yalnız imzalanan sənəd olmadığını bildirmiş, bunun ərazi bütövlüyünün və təhlükəsizliyin təmin olunduğu yeni regional münasibətlər sisteminin təşkili ilə bağlı olduğunu qeyd edib.