Tənha insanlar daha tez qocalır və ölürlər - ARAŞDIRMA

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Alimlərin apardığı yeni tədqiqat göstərir ki, tənhalıq və sosial təcrid insanlarda qocalma prosesini sürətləndirir. Çinli tədqiqatçılar tərəfindən həyata keçirilən araşdırmanın nəticələri "Health Psychology" jurnalında dərc olunub və ciddi məlumatlar təqdim edir.
Tədqiqatda Böyük Britaniya Biobankında 309.746 iştirakçının məlumatları təhlil edilib. Araşdırmada iştirak edən könüllülərin orta yaşı 56 il olub və onların sağlamlıqları orta hesabla 14,4 il ərzində izlənilib. Tədqiqatçılar sosial təcrid və tənhalığı ayrı-ayrı qiymətləndiriblər, bunlar arasında tək yaşamaq, yaxınları ilə az görüşmək və qrup fəaliyyətlərində iştirak etməmək kimi amillər mövcuddur.
Tədqiqatda bioloji yaşın hesablanmasında FenoAge düsturundan istifadə edilib. Nəticələrə əsasən, sosial cəhətdən təcrid olunmuş şəxslərin bioloji yaşları, gözlənilən yaşlardan ortalama 4 ay daha yüksək müəyyən olunub. Tənhalıq yaşayan insanlar üçün isə bu fərq 3 ay təşkil edib. Hər iki amilin birləşməsi isə daha güclü təsir göstərib.
Tədqiqat eyni zamanda sosial təcrid şkalasında hər əlavə balın ölüm riskini 13,9%, tənhalıq şkalasında isə 8,9% artırdığını ortaya qoyub. Bu nəticələr, sosial əlaqələrin insan sağlamlığı üzərindəki kritik təsirini bir daha sübut edir.