24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
“Airbus A350-1000ULR” modelinə aid sərnişin təyyarəsi Avstraliya ilə Fransa arasında 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına daxil olub. Uçuş zamanı Melburn şəhərindən Tuluza şəhərinə 23 min 155 kilometr məsafə qət edilib.
Bu sınaq uçuşu, “Qantas” şirkətinin “Project Sunrise” layihəsi çərçivəsində həyata keçirilib. Uçuş, müntəzəm reys deyil, xüsusi test xarakteri daşıyırdı və göyərtədə pilotlar və mühəndislərdən ibarət 13 nəfər iştirak edib. Ekipaj, səyahət müddətində iki dəfə günəşin batmasını və doğmasını izləyib.
Uçuş, kommersiya avialaynerləri arasında məsafəyə görə ən uzun uçuş rekordu olaraq qeyd olunur. Eyni zamanda, 3,6 milyon insanın canlı izlədiyi bu uçuş “Flightradar24” platformasında Kraliça II Elizabetin son reysindən sonra ən çox baxılan ikinci marşrut olub.
Məlumatlara görə, “Qantas” şirkəti Sidney şəhərindən London və Nyu-Yorka birbaşa reyslər açmaq məqsədilə bu modeldən 12 ədəd sifariş edib. İlk uçuşların 2027-ci ildən başlaması planlaşdırılır.