Hökumətin çağırışından sonra britaniyalılar fövqəladə vəziyyətə hazırlaşır

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Böyük Britaniya hökuməti, fövqəladə hallar və mümkün hərbi münaqişə vəziyyətləri üçün sakinləri ehtiyatlar yaratmağa çağırıb. Bu çağırışdan sonra britaniyalılar, xüsusilə konservlər, qablaşdırılmış su və digər ilkin tələbat məhsullarını daha aktiv şəkildə əldə etməyə başlayıblar.
Məlumata görə, bu vəziyyət oktyabrın 22-də başlanan "Be Ready" (“Hazır ol”) kampaniyasından sonra kəskin artış göstərib. “Worldpanel by Numerator” şirkətinin apardığı araşdırmalara əsasən, bu dövr ərzində əl antiseptiklərinin satışında 83%, qablaşdırılmış su satışlarında 67% və konservləşdirilmiş məhsulların satışında isə 37% artım müşahidə olunub.
Xüsusilə ət konservlərinə olan tələbat əhəmiyyətli dərəcədə yüksəlib. Araşdırmalara görə, bu məhsulu əldə edənlərin sayı 43% artıb ki, bu da gündəlik təxminən 400 min əlavə alıcıya bərabər olunub.
Britaniya hakimiyyətinin verdiyi tövsiyələrə uyğun olaraq, vətəndaşların evlərində ən azı üç günlük ərzaq və içməli su ehtiyatı olmaları tövsiyə edilir. Əlavə olaraq, əhaliyə vacib telefon nömrələrinin, pasportların surətlərinin, zəruri dərmanların, portativ şarj cihazlarının, radio qəbuledicilərinin və fənərlərin saxlanılması önərilir.