ABŞ-nin Azərbaycana göndərəcəyi səfir Senata təqdim olunub

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ dövlət katibi Marko Rubionun baş müşaviri Aleksandr Aldenin Azərbaycana səfir vəzifəsinə namizədliyinin Senatda təsdiqlənməsi məsələsi gündəmdədir. Senatorlar, Aldenin namizədliyi ilə bağlı dinləmələrin keçirilməsini nəzərdən keçirirlər.
Aleksandr Aldenin ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyi Donald Tramp tərəfindən irəli sürülüb. Onun bu vəzifəyə təyin edilməsi üçün Senatın təsdiqi vacibdir. Məlumata görə, respublikaçılar Trampın irəli sürdüyü namizədlərin təsdiqi prosesini sürətləndirmək məqsədilə təzyiqlərlə üzləşirlər.
Alden hazırda "GeoStrategy Initiative"də qeyri-rezident baş elmi işçi və "Palantir Technologies" şirkətində baş müşavir olaraq fəaliyyət göstərir. O, müttəfiq hökumətlər və özəl sektor tərəfdaşları ilə əməkdaşlıq etməyə yönəlmiş fəaliyyətləri ilə tanınır.
Bundan əvvəl, Alden ABŞ Dövlət Departamentində, Müdafiə Nazirliyində və Milli Təhlükəsizlik Şurasında mühüm vəzifələrdə çalışıb. 2020-ci ildə ABŞ-nin Münaqişələrin Qarşısının Alınması və Sabitliyin Təşviqi Strategiyasına rəhbərlik edərək, ABŞ-Avropa İttifaqı münasibətlərinin gücləndirilməsində də rol oynamışdır.
Aleksandr Alden, Amerika Birləşmiş Ştatları Johns Hopkins Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi almış, burada doktorantura tədqiqatları aparmışdır. O, Southern Illinois Universitetində siyasi elmlər və fəlsəfə ixtisasları üzrə bakalavr dərəcəsi ilə bitirmişdir.