20 Yanvar ərazisində nəqliyyat sıxlığını azaldacaq yeni yol tikilir

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Bakı şəhərində və ətraf ərazilərdəki nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2025–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində 20 Yanvar ərazisində yeni Pirşağı–Novxanı–Xırdalan–M-4 avtomobil yolunun tikintisi davam etdirilir. Bu yeni yolun istifadəyə verilməsi ilə Bakı şəhərinin əsas giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması hədəflənir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) verdiyi məlumata görə, yeni yol Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin Bakı–Quba və Bakı–Şamaxı magistral yollarına daha rahat çıxışını təmin edəcək. Layihə çərçivəsində 20 Yanvar istiqamətindən Bakıya daxil olan nəqliyyat vasitələrinin sayında 20–30 faiz azalma gözlənilir.
Yolun uzunluğu təxminən 29 kilometr olacaq və 6 hərəkət zolağından ibarət olacaq. Layihə çərçivəsində 7 yol qovşağı, 11 yol körpüsü, 1 kanal körpüsü və 2 tunelin inşası nəzərdə tutulur. Hazırda yolun 13 kilometr uzunluğunda torpaq yatağının hazırlanması, 11,5 kilometrlik hissəsində isə yol geyiminin tikintisi işləri tamamlanıb.
AAYDA-nın məlumatına əsasən, körpülərin, tunellərin və digər mühəndis qurğularının tikintisi mərhələli şəkildə davam etdirilir. Bir sıra körpülərdə işlər artıq yekunlaşma mərhələsinə çatıb. Yeni yolun istifadəyə verilməsi paytaxtın girişindəki nəqliyyat yükünün azalmasına, Abşeron yarımadasındakı yaşayış məntəqələri arasında əlaqələrin genişlənməsinə və alternativ hərəkət yollarının yaradılmasına imkan tanıyacaq.