Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq?

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Əmək bazarında qısamüddətli əmək müqavilələrinin və natamam iş vaxtı rejiminin mövcudluğu minimum əməkhaqqı sisteminin təkmilləşdirilməsini zəruri edir. Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında ifadə edib.
Yeni layihə, müəyyən fəaliyyət sahələrində bir aydan az müddətə bağlanan əmək müqavilələri ilə yanaşı, həftəlik iş vaxtı 20 saat və ya daha az olan işlər üçün saatlıq əməkhaqqının tətbiqini nəzərdə tutur. Zaur Əliyev bildirib ki, minimum saatlıq əməkhaqqısının minimum aylıq əməkhaqqısından daha yüksək müəyyən edilməsi təklif olunur.
Bu sistemin tətbiq olunacağı sahələr isə Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. İlkin mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sektoru diqqət mərkəzində olacaq.
Nazir müavini vurğulayıb ki, təklif olunan dəyişiklik minimum əməkhaqqının daha çevik tətbiqinə, əməkhaqqı hesablamalarında şəffaflığın artırılmasına və beynəlxalq təcrübədə istifadə olunan yanaşmaların ölkədə tətbiqinə imkan yaradacaq. Bu yeniliklərin işçi hüquqlarını daha da gücləndirməsi gözlənilir.