Ezonn Xəbər

Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı

Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda saatlıq əməkhaqqı sisteminin ilk tətbiq olunacağı sahələr məlum olub. Bununla bağlı məlumatı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında verib. Nazir müavini qeyd edib ki, proses mərhələli şəkildə həyata keçiriləcək. Onun sözlərinə görə, bu sistemin başlıca məqsədi müasir məşğulluq imkanlarını genişləndirmək və vətəndaşların əmək və sosial təminat hüquqlarını daha etibarlı şəkildə qorumaqdır. 2027-ci ildən minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi planlaşdırılır. Zaur Əliyev, əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və çevik məşğulluq formalarının mövcudluğunun minimum əməkhaqqısının tənzimlənməsini zəruri etdiyini vurğulayıb. Qanun layihəsinə görə, bir aydan az müddətə bağlanılan əmək müqavilələri və həftəlik 20 saatdan az işlərin minimum saatlıq əməkhaqqı sisteminə daxil edilməsi nəzərdə tutulur. İlk mərhələdə isə bu sistemin yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrini əhatə edəcəyi bildirilir. Zaur Əliyev əlavə edib ki, gələcəkdə bu sahələr genişlənə bilər. Tətbiq olunacaq dəyişikliklər, minimum əməkhaqqı institutunun daha çevik istifadəsinə, əməkhaqqı hesablamalarında şəffaflığın artmasına və beynəlxalq təcrübələrin ölkədə tətbiqinə imkan yaradacaq.