“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 385 min nəfəri, məşğul əhalinin sayı isə 5 milyon 105 min nəfəri təşkil edir. Bu rəqəmlər, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov tərəfindən açıqlanıb.
Deputatın verdiyi məlumata görə, işçilərin yalnız 1 milyon 776 min nəfəri əmək müqaviləsi ilə çalışır. Onlardan 834 min nəfəri dövlət sektorunda, 942 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Bu da deməkdir ki, məşğul əhalinin cəmi 35%-i əmək müqaviləsi ilə çalışır, qalan 65%-i isə müqavilə olmadan iş fəaliyyətini davam etdirir.
Bayramovun fikrincə, əmək müqaviləsinin olmaması, işçilərin hüquqlarının qorunmaması və pensiya təminatına ziyan vurur. O, bildirdi ki, əmək Məcəlləsinə edilən yeni dəyişikliklər bu nisbətin dəyişməsinə, yəni əmək müqaviləsi ilə çalışanların sayının artmasına səbəb ola bilər.
Daha sonra deputat, işçilərin əlavə iş yerində çalışma qaydaları haqda danışdı və qeyd etdi ki, Əmək Məcəlləsinin 58-ci maddəsi bu məsələni məhdudlaşdırır. Əlavə iş yeri yalnız işçinin əsas iş yerinin müddətindən sonra ola bilər, əks halda işəgötürəndən icazə alınması zəruridir. Bayramov, müasir dövrdə çevik iş rejiminə keçid edildiyi üçün bu məhdudiyyətlərin aradan qaldırılmasının vacib olduğunu vurğuladı.