Saatlıq əməkhaqqı kimlərə şamil ediləcək?

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda saatlıq əmək haqqı sisteminin tətbiqi yeni iş imkanları ilə yanaşı, işçilərin əmək bazarına çıxışını asanlaşdırmağı hədəfləyir. Bu barədə deputat Musa Quliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında məlumat verib.
Musa Quliyev qeyd edib ki, saatlıq minimum əməkhaqqı kənd təsərrüfatı, yaşayış, turizm, məişət xidməti, daşıma xidmətləri və İT sektorunda fəaliyyət göstərən işçilərin əməyinin ödənilməsində bərabər və ədalətli yanaşma təmin edəcək. O, həmçinin vurğulayıb ki, bu sistem azyaşlı uşaqları olan qadınlar, tələbələr və pensiyaçılar üçün əmək bazarına çıxış imkanı yaradacaq.
Deputat saatlıq əmək haqqının qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə əlavə imkanlar təqdim edəcəyini bildirib. Sistemin tətbiqi ilə minimum saatlıq əmək haqqının, minimum əməkhaqqının bir saata düşən məbləğindən az olmaması da nəzərdə tutulub.
Nazirlər Kabinetinin əmək müqaviləsinin bir aydan az müddətə bağlanması və ya həftəlik iş vaxtının 20 saatdan çox olmaması halında saatlıq əmək haqqı sistemindən istifadə edəcəyini də açıqlayıb. Bu dəyişiklik, əməyin ödənilməsində daha çevik və sosial ədalətli mexanizmin formalaşmasına, işçi hüquqlarının qorunmasına və əmək münasibətlərində şəffaflığın artmasına xidmət edəcək.