Ezonn Xəbər

Rusiya mediası: “Tramp marşrutu” 2028-ci ilə qədər reallaşmayacaq

Rusiya mediası: “Tramp marşrutu” 2028-ci ilə qədər reallaşmayacaq
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. ABŞ, Azərbaycan və Ermənistan arasında "Tramp marşrutu" (TRIPP) layihəsinin inkişafı ilə bağlı yeni razılaşma əldə edilib. Üç ölkə arasında nəqliyyat dəhlizinin yaradılması istiqamətində əməkdaşlığı genişləndirmək üçün üçtərəfli işçi qrup formalaşdırılıb. Lakin layihənin reallaşması ilə bağlı nikbin gözləntilərə baxmayaraq, onun qarşısında bir sıra ciddi siyasi və geosiyasi maneələrin olduğu vurğulanır. Məlumata əsasən, işçi qrupuna diplomatlar və texniki mütəxəssislər daxil ediləcək, gələcəkdə daha iki qrupun yaradılması nəzərdə tutulur. Bu qruplardan biri nəqliyyat infrastrukturu, digəri isə elektrik enerjisi ilə bağlı məsələlərə fokuslanacaq. Tərəflər tikinti işlərinə tez başlamaqda maraqlıdırlar. Erməni jurnalist Mark Qriqoryan bildirib ki, layihə yalnız Azərbaycan üçün deyil, həm də Ermənistan üçün mühim iqtisadi imkanlar yaradır. Onun sözlərinə görə, dəmir yolu Ermənistanın Mərkəzi Asiya ilə, oradan isə Hindistan və Çinlə nəqliyyat əlaqələrini genişləndirə bilər. Bununla yanaşı, yeni qanallara giriş, İrana daha qısa çıxış imkanı yaradır. Lakin Qriqoryan layihənin yaxın perspektivdə reallaşmasını mümkün hesab etmir. O, Rusiyanın mövqeyinin əhəmiyyətini vurğulayır, çünki Ermənistanın dəmir yolları artıq Rusiya şirkətinin konsessiya idarəçiliyindədir. Həmçinin, Azərbaycan-Ermənistan münasibətləri hələ də kifayət qədər möhkəm deyil, siyasi etimadsızlıq layihənin icrasını çətinləşdirir. İrana gəldikdə isə, Tehran Ermənistanın cənubundan keçəcək nəqliyyat xəttinə xüsusi həssaslıqla yanaşır. Qriqoryanın fikrincə, bütün bu problemlər nəzərə alındıqda, "Tramp marşrutu"nun 2027-ci, hətta 2028-ci ilə qədər tam reallaşacağı real görünmür. Qeyd edək ki, "Tramp marşrutu" razılaşması 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanıb.