"Kəlbəcər" tankeri əsaslı təmir olunub

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus olan "Kəlbəcər" tankerinin ilk əsaslı təmiri başa çatmışdır. Təmirtəhlükəsiz və səmərəli əməliyyatların təmin edilməsi məqsədilə həyata keçirilmişdir.
Tanker, Xəzərdənkənar sularda fəaliyyət göstərir və təmir prosesi Türkiyənin Tuzla bölgəsindəki "Kuzey Star" tərsanəsində icra edilmişdir. Bu müddət ərzində tankerin baş mühərrikləri, qazanı, kompressorları və digər mühüm mexanizmləri yoxlanılıb, lazımi təmir işləri aparılmışdır.
Eyni zamanda, gəminin gövdəsindəki köhnə boya örtüyü tamamilə təmizlənmiş, qaynaq və rənglənmə işləri yerinə yetirilmişdir. Təmirdən sonra tanker zəruri sınaqlardan müvəffəqiyyətlə keçmişdir. Bununla da, "Kəlbəcər" tankerinin beynəlxalq yükdaşımalara cəlb olunması təmin edilmişdir.
Tanker ilk reysini Burqas–Kulevi limanları arasında həyata keçirmişdir. Yeni nəsil tanker 141 metr uzunluğunda, 16,9 metr eni və 6 metr bort hündürlüyünə malikdir. 15 nəfərlik heyət ilə idarə olunan gəmi, saatda 10 uzel sürətlə hərəkət edə bilir. Gəmiyə aid olan dedveyti isə 7,786 ton təşkil edir.
Qeyd edək ki, "Kəlbəcər" tankeri 2021-ci il sentyabrın 10-da istismara verilmişdir və o zamandan bəri Azərbaycan bayrağı altında beynəlxalq sularda fəaliyyət göstərir.