Təmiz su seçimi: qaynadılmış, yoxsa filtr suyu içək?

Ezonn TV «Sfera.az» mənbəsinə istinadən xəbər verir.
İçməli suyun keyfiyyəti və təhlükəsizliyi insan sağlamlığına ciddi təsir göstərir. Gündəlik istifadə etdiyimiz suyun təmizlənmə üsulu ilə bağlı qaynadılmış və filtrdən keçirilmiş su arasında seçimin edilməsi müzakirə mövzusuna çevrilib. Bəziləri qaynadılmış suyu daha təhlükəsiz hesab edərkən, digərləri filtr suyuna üstünlük verir.
“Refresh Group” MMC-nin qida təhlükəsizliyi üzrə baş icraçı direktoru Seymur Qafarov Sfera.az-a açıqlamasında bildirib ki, hər iki metodun öz üstünlükləri və çatışmazlıqları mövcuddur. O, əlavə edib ki, bəzi hallarda suyun ilkin filtrdən keçirilməsi və daha sonra qaynadılması daha yaxşı nəticə verə bilər.
Qaynadılmış su, patogen mikroorqanizmləri, virusları və bakteriyaları məhv etmək üçün qədim və etibarlı bir üsuldur. Lakin qaynatma, sudakı ağır metalları və kimyəvi qalıqları tamamilə çıxarmır. Bəzi hallarda qaynama zamanı suyun tərkibindəki zərərli maddələrin qatılığı arta bilər.
Filtrdən keçirilən su isə, xüsusilə əks-osmos və karbon filtrləri ilə daha təmiz və dadlı olur. Lakin filtrin zamanında dəyişdirilməməsi, bakteriyaların artımına səbəb ola bilər. Bəzən isə sadə filtrlər mikroorqanizmləri tam təmizləyə bilmir.
Seymur Qafarov vurğulayıb ki, suyun təmizlənməsi üsulu onun mənbəyinə və keyfiyyətinə görə seçilməlidir. Mərkəzləşdirilmiş şəbəkədən gələn su kimyəvi qalıqlardan xilas olmaq məqsədilə keyfiyyətli filtrdən keçirilərək daha optimal seçimdir. Ancaq çöl şəraitində naməlum mənbədən su istifadə edilirsə, filtrdən keçirilmiş suyun qaynadılması daha təhlükəsiz sayılır. Filtrdən keçirilmiş suyun qaynadılması və soyudulması da tövsiyə edilir.