Netanyahu və Tramp telefon danışığında mübahisə ediblər

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş Naziri Benyamin Netanyahu, İranla bağlı keçirdikləri son telefon danışığında mübahisə ediblər. Bu barədə "Ynet" nəşri mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, söhbət qeyri-adi dərəcədə mürəkkəb və qızğın fikir mübadiləsi şəklində baş tutub. Hətta bir mənbə bu mübahisəni "cəhənnəm davası" adlandırıb. Telefon danışığının nə zaman baş verdiyi barədə dəqiq tarix verilməsə də, bildirilir ki, bu, ötən həftə sonu baş tutub.
Danışıqdan dərhal sonra, noyabrın 10-da Netanyahu Knessetdə çıxış edərək, Tehranın nüvə arsenalını bərpa etməyə çalışdığını vurğulayıb. O, məsələnin birdəfəl həllinin yeganə yolunun İranın indiki hökumətinin devrilməsi olduğunu qeyd edib. Netanyahu, "İran nüvə təhlükəsini bərpa etmək üçün çalışır; bu mövcud təhlükəni aradan qaldırmağın tək yolu, ayətullah rejimini devirməkdir," deyə bildirib.
Son dövrlərdə Netanyahu, Vaşinqtonu İrana qarşı yeni hərbi əməliyyat başlatmağa inandırmaq cəhdləri ilə məşğuldur. "The Financial Times" qəzeti diplomatik mənbələrə istinadla iddia edir ki, İsrail Baş Naziri Trampla gündəlik əlaqə saxlayaraq, onu yenidən İrana hücum etməyə çağırıb. Həmçinin, FT-dəki mənbə, Ağ Evin daxilində və xaricində müharibə istəməyənlərin bu planların qarşısını almağa çalışdığını da əlavə etmişdir.