Ezonn Xəbər

Fermerlərə rekord məbləğdə aqrar sığorta ödənişi edilib

Fermerlərə rekord məbləğdə aqrar sığorta ödənişi edilib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən istifadə edən fermerlərin sayı durmadan artır. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il yanvar-sentyabr ayları arasında Aqrar Sığorta Fondu (ASF) ölkənin 38 rayon və şəhərində 1 milyon 872 min manat məbləğində aqrar sığorta ödənişi həyata keçirib. Paylaşılan məlumatlara görə, 254 baş mal-qaranın tələf olması faktı ilə əlaqədar olaraq heyvandarlıq sığortası üzrə 1 milyon 362 min 177 manat ödəniş edilib. Eyni zamanda, bitkiçilik sahəsində 764 hektar əkin sahəsinə dəymiş zərər səbəbindən 510 min 153 manat sığorta ödənişi həyata keçirilib. Heyvandarlıq sahəsində baş verən sığorta hadisələri yoluxucu xəstəliklər, yemdən və otdan zəhərlənmə hallarından, həmçinin vəhşi heyvanların hücumlarından ibarət olub. Əkin sahələrində isə dolu, sel-subasma, fırtına və yanğın kimi hadisələr ən böyük zərəri vurub. Sığorta ödənişlərinin ən çox alındığı rayonlar arasında Ağdaş, Goranboy, Ağsu, Kürdəmir və Saatlı xüsusi ilə seçilir. Məsələn, Ağdaş rayonunda 481 min manat, Goranboyda 205 min manat və Ağsu rayonunda isə 181 min manat sığorta ödənişi həyata keçirilib. Aqrar Sığorta Fondu fermerləri payızlıq əkinlər dövründə əkin sahələrini, tarla bitkilərini və heyvandarlıq təsərrüfatlarını dövlətin güzəştli sığorta mexanizmi ilə sığortalamağa çağırır. ASF-in xidmətləri və şərtləri ilə tanış olmaq üçün fermerlər rəsmi internet səhifəsinə daxil ola və ya Çağrı Mərkəzinə zəng edə bilərlər.