MKA: Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı fişinq hücumları artıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı gerçekleşən fişinq hücumlarının artdığı bildirilir. Agentliyin məlumatına görə, kiberdələduzlar xarici telefon nömrələri vasitəsilə sürət həddinin aşılması ilə bağlı saxta SMS mesajları göndərirlər.
Göndərilən mesajlarda yerləşdirilmiş keçidlər, istifadəçiləri “ASAN Pay” elektron ödəniş portalının vizual olaraq təqlid edilmiş saxta veb-səhifələrinə yönləndirir. Burada, ilkin olaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının daxil edilməsi tələb olunur. Daha sonra istifadəçilərə, guya törədilmiş yol hərəkəti qayda pozuntusu ilə bağlı yanlış məlumat təqdim edilir.
Bu zaman cərimənin ödənilməsi adı altında, vətəndaşlardan bank kartı məlumatlarının (nömrəsi, bitmə tarixi, CVV/CVC kodu) təqdim edilməsi tələb olunur. Məlumatların verilməsi halında, kiberdələduzlar istifadəçilərin bank hesablarındakı vəsaitləri mənimsəyə bilərlər.
MKA, vətəndaşları bu cür fişinq cəhdlərinə qarşı diqqətli olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Vətəndaşların, rəsmi qurumların adından gələn mesajları diqqətlə yoxlaması və şübhəli məlumatlara cavab verməməsi tövsiyə olunur.