Putin üçün uzunömürlülük axtarışı: 7 min meymun

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu Mixail Kovalçukun başçılıq etdiyi Kurçatov İnstitutunda yaşlı meymunların unikal kolleksiyası yaradılıb. Alimlər bu kolleksiyadan istifadə edərək insan ömrünün uzadılması yollarını araşdırmağa çalışırlar. Bu barədə məlumat Moskvada keçirilən Kurçatov Genom Forumunda Kovalçuk tərəfindən verilib.
Kovalçukun sözlərinə görə, institutun laboratoriyalarında 22 növdən ibarət 7000-dən çox primat saxlanılır. Tədqiqatçılar yaşlı meymunların yaşlanma prosesini izləmək məqsədilə onlarla biokimyəvi və struktur analizlər aparır. "Yaşı 18-dən və 30-dan yuxarı olan fərdləri qiymətləndiririk. Primatlar bizə ən yaxın nümunədir", - Kovalçuk əlavə edib.
Kurçatov İnstitutu, həmçinin Rusiya Elmi Cərrahiyyə Mərkəzi ilə birgə uzunömürlü meymunların qan nümunələrini əhatə edən bir biobank yaradıb. Mərkəzin direktoru Konstantin Kotenko bildirib ki, bu nümunələr yaşlanma proseslərinin dərinləşmiş tədqiqatına xidmət edəcək.
Rusiya hökumətinin yaşlanma ilə mübarizə məqsədini güdəcək 26 milyard dollarlıq bir proqram üçün maliyyələşdirmə planlaşdırıldığı da qeyd edilib. Bu proqram bioprint, ksenotransplantasiya və gen terapiyası kimi tədqiqat sahələrini əhatə edir. Proqramın rəhbəri isə Putinin qızı Mariya Vorontsova və Mixail Kovalçukdur.