Ezonn Xəbər

Putin üçün uzunömürlülük axtarışı: 7 min meymun...

Putin üçün uzunömürlülük axtarışı: 7 min meymun...
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu və Kurçatov İnstitutunun rəhbəri Mixail Kovalçuk, Moskvada keçirilmiş Kurçatov Genom Forumunda alimlərin uzunömürlülük tədqiqatları barədə məlumat verib. Kovalçukun sözlərinə görə, institutda 22 növdən 7000-dən çox yaşlı primat saxlanılır. Bu meymunlar üzərində aparılan tədqiqatlar insan yaşlanmasının öyrənilməsinə istiqamətlənib. Yaşı 18-dən yuxarı olan meymunlar üzərində geniş miqyaslı analizlər aparılır. "Hərtərəfli müayinələr keçiririk: biokimyəvi və struktur analizlər, damarlar və beyin tədqiqatları", - deyə Kovalçuk vurğulayıb. Onun fikrincə, primatlar insanlar üçün ən yaxın bioloji nümunədir, bu da ömrü uzadan sistemlərin inkişafına kömək edə bilər. Kurçatov İnstitutu, Rusiya Elmi Cərrahiyyə Mərkəzi ilə birlikdə uzunömürlü meymunların qan nümunələrini toplamaq üçün biobank yaratmışdır. Mərkəzin direktoru Konstantin Kotenko, bu nümunələrin yaşlanma proseslərinin öyrənilməsi üçün istifadə olunacağını bildirib. Bundan əlavə, Rusiya hökuməti yaşlanma ilə mübarizə məqsədilə bioprint, ksenotransplantasiya və gen terapiyasını əhatə edən 26 milyard dollarlıq proqram həyata keçirir. Qeyd olunub ki, proqram Putinin qızı Mariya Vorontsova və Kovalçukun rəhbərlik etdiyi qurum tərəfindən idarə olunur.