Ezonn Xəbər

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır
Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir. Son dövrlərdə Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Simptomlar bəzən adi soyuqdəymə kimi başlayır, lakin həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma və sinuslarda ağırlıq hissi insanları narahat edir. Həkimlər bu əlamətlərin bir neçə fərqli xəstəliklə əlaqəli olduğunu bildirirlər. Virus infeksiyası sonrası postinfeksion öskürək bu cür şikayətlərin əsas səbəblərindən biridir. COVID-19, qrip və digər respirator virus xəstəliklərindən sonra tənəffüs yollarında həssaslıq uzun müddət davam edə bilər, nəticədə öskürək üçdən səkkiz həftəyə qədər uzana bilər. Uzun müddət davam edən bəlğəmli öskürək isə bronxit, pnevmoniya, astma və digər tənəffüs sistemi xəstəlikləri ilə əlaqəli ola bilər. Kəskin bronxit zəif selikli qişada iltihab yaradır ki, bu da özündə öskürək, bəlğəm və yorğunluq hissini gətirir. Bu xəstəlik çox vaxt virus mənşəlidir və antibiotik tələb etmir. Bəzi insanlarda göyöskürək infeksiyası səbəbindən öskürək baş verə bilər, bu da ardıcıl, güclü öskürək tutmaları ilə müşahidə olunur. Üç həftədən artıq davam edən öskürək vərəm riskini də artırır. Əgər gecə tərləmə, səbəbsiz arıqlama və davamlı hərarət varsa, mütləq həkimə müraciət olunmalıdır. Xəstələr bəzən həkim məsləhəti olmadan antibiotik qəbul edir, lakin bu, virus infeksiyaları üçün effektiv deyil. Antibiotiklərin lazımsız istifadəsi əlavə təsirlərə və bakteriyalara davamlılığın artmasına səbəb ola bilər. Eyni zamanda bəlğəmin rəngi, onun bakterial infeksiya olduğunu sübut etmir. Nəfəs darlığı, sinədə güclü ağrı və qanlı bəlğəm müşahidə edildikdə, təcili tibbi yardım tələb oluna bilər.