Yol Polisi adından vətəndaşlara qarşı fişinq hücumları artıb

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Son günlər Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı fişinq hücumlarının artması müşahidə edilir. Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) verdiyi məlumata görə, kiberdələduzlar xarici nömrələrdən sürət həddinin aşılması ilə bağlı saxta SMS mesajları göndərərək vətəndaşları aldatmağa çalışırlar.
Göndərilən SMS-lərdə yerləşdirilən keçidlər istifadəçiləri “ASAN Pay” elektron ödəniş portalına bənzəyən saxta veb-səhifələrə yönləndirir. Bu səhifələrdə ilk öncə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı daxil edilməli, ardından yol hərəkəti qaydası pozuntusu ilə bağlı saxta məlumatlar təqdim olunmalıdır.
Hücumlar zamanı, cərimənin ödənilməsi üçün bank kartının nömrəsi, bitmə tarixi və CVV/CVC kodunun daxil edilməsi tələb olunur. Beləliklə, vətəndaşların bank hesablarındakı vəsaitlərin mənimsənilməsi riski yaranır.
MKA, vətəndaşları bu cür fişinq cəhdlərinə qarşı diqqətli olmağa çağırır. Agentlik xatırladır ki, dövlət qurumları ödəniş bildirişlərini xarici nömrələrdən göndərmir və SMS-lərdəki naməlum keçidlərə daxil olunmamalıdır. Həmçinin, rəsmi mənbənin domen adını yoxlamaq və şübhəli səhifələrdə bank məlumatlarını daxil etməmək vacibdir.