"Azparking" adından fişinq hücumları həyata keçirilir

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) vətəndaşları "Azparking" xidmətinin adı altında həyata keçirilən yeni fişinq hücumlarına qarşı diqqətli olmağa dəvət edir. Müəssisənin verdiyi məlumata görə, kiberdələduzlar istifadəçilərə xarici nömrələrdən saxta mesajlar göndərərək onları aldatmağa çalışırlar.
Mesajlar "AZParking – Ödənilməmiş parkinq haqqı barədə bildiriş" başlığı ilə göndərilir. İçərisində balansın çatışmazlığı və ya avtomatik ödənişin uğursuzluğu barədə saxta məlumatlar yer alır. Hətta mesajda istifadəçilərə borc məbləği (məsələn, 0.70 AZN) kimi məlumatlar da təqdim olunur.
Bu cür mesajların içində "rəsmi veb-sayt" adı altında saxta linklər təqdim edilir. İstifadəçilər həmin linkə daxil olduqda "Azparking" platformasına bənzər bir səhifə ilə qarşılaşırlar. Burada onlardan dövlət qeydiyyat nişanı, mobil telefon nömrəsi və bank kartı məlumatları tələb olunur. Nəticədə, dələduzlar istifadəçilərin bank kartı məlumatlarına sahib olaraq pul vəsaitlərini ələ keçirir.
Agentlik, vətəndaşlara rəsmi bildirişlərin şübhəli nömrələrdən gəlmədiyinə diqqət etməyi, şübhəli linklərə daxil olmamağı və rəsmi saytların domen adlarını dəqiqləşdirməyi tövsiyə edir. Beləliklə, parkinq borclarını yoxlamaq və ödənişləri həyata keçirmək üçün yalnız "Azparking"-in rəsmi tətbiqi və dövlət ödəniş portallarından istifadə edilməlidir.
Əgər istifadəçilər kart məlumatlarını saxta səhifəyə daxil ediblərsə, bankları ilə əlaqə saxlayaraq kartı bloklamaları və hüquq-mühafizə orqanlarına məlumat vermələri tövsiyə olunur.