Ezonn Xəbər

MKA: "Azparking" adından fişinq hücumları var

MKA: "Azparking" adından fişinq hücumları var
Ezonn TV «Naxçıvan Xəbərləri» mənbəsinə istinadən xəbər verir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA), "Azparking" adından istifadə edərək təşkil edilən fişinq hücumlarını aşkar edib. Agentlik, kiberdələduzların xarici nömrələrdən istifadə edərək istifadəçilərə saxta bildirişlər göndərdiyini bildirir. Kiberdələduzlar, "AZParking-Ödənilməmiş parkinq haqqı barədə bildiriş" başlığı ilə mesajlar göndərir. Bu mesajlarda istifadəçilərə balansın kifayət etmədiyi və ya avtomatik ödənişin uğursuz olduğu iddia edilir. Məsələn, mesajda saxta parkinq tarixi və 0,7 AZN məbləği göstərilir. Hücumun davamı olaraq, mesajda "rəsmi veb-sayt" adı altında saxta keçidlər təqdim edilir. İstifadəçilər bu linkə daxil olduqda, "Azparking" platformasının tamamilə təqlid olunmuş səhifəsi ilə qarşılaşırlar. Burada onlardan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, mobil telefon nömrəsi və bank kartı məlumatları tələb olunur, nəticədə isə vətəndaşların bank kartı məlumatları ələ keçirilir. MKA, vətəndaşları bu cür fişinq hücumlarına qarşı diqqətli olmağa çağırır. Mütəxəssislər, rəsmi bildirişlərin ancaq tanıdığınız, yerli nömrələrdən gəldiyinə diqqət yetirilməsini tövsiyə edir. Agentlik, eyni zamanda, şübhəli domen adları ilə daxil olan linklərin açılmaması, "Azparking" və dövlət ödəniş sistemlərinin rəsmi domen adlarının yoxlanmasını və şübhəli platformalarda hər hansı şəxsi məlumatın daxil edilməməsini vurğulayır. Parkinq borclarının yoxlanılması üçün rəsmi mobil tətbiqlər və dövlət ödəniş portallarından istifadə edilməsi tövsiyə edilir.