Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edilib - VİDEO
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Bu gün Özbəkistanın Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində tanınmış Azərbaycan alimi, professor Mahirə Hüseynovanın “G‘arbiy Ozarbayjon: xotiramizda yashayotgan yurt yerlari” (“Qərbi Azərbaycan: yaddaşımızda yaşayan yurd yerləri”) kitabının özbək dilində nəşrinə həsr olunmuş təqdimat mərasimi keçirilib.
Nəşr, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında özbək dilinə tərcümə olunub. Kitabın əsas məqsədi, Qərbi Azərbaycan tarixi və mədəni irsi ilə bağlı xatirələrin özbək oxucularına təqdim edilməsidir.
Təqdimat mərasimində universitetin rəhbərliyi, elm və təhsil nümayəndələri, alimlər, şairlər, müəllimlər və tələbələr iştirak ediblər. Universitetin rektoru Sanjar Adilov çıxışında Azərbaycan və Özbəkistan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafını vurğulayıb. O, qeyd edib ki, belə nəşrlər xalqlarımızın bir-birinin tarixi və mədəni irsini daha yaxından tanımasına yardım edir.
Ambasador Dr. Rəşad Məmmədov isə müasir dövrdə iki qardaş ölkə arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu bildirib. O, Qərbi Azərbaycan mövzusunun xalqın tarixi yaddaşında əhəmiyyətini vurğulayaraq, bu məsələnin beynəlxalq miqyasda tanıdılmasının vacibliyini qeyd edib.
Həmçinin, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, kitabın tarixi yaddaşın özbək oxucularına çatdırılmasında rolu olduğunu vurğulayıb. Tədbirdə iştirak edən alimlər, mədəniyyət nümayəndələri və professorlar kitabın elmi, mənəvi əhəmiyyətini müzakirə edərək, Azərbaycan və Özbəkistan arasında ədəbi əlaqələrin inkişafının vacibliyini qeyd ediblər.