Ucuz istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Bu rayonlarda qiymətlər...
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda büdcəsinə uyğun istirahət etmək istəyənlər üçün bir sıra bölgələrdə münasib qiymətli hotellər və ailəvi istirahət məkanları mövcuddur. Bu məlumatı Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin rəhbəri, turizm üzrə ekspert Rəhman Quliyev təqdim edib.
Ekspertin sözlərinə görə, qiymət baxımından daha əlçatan istirahət imkanları əsasən Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı rayonlarında cəmləşir. Bu bölgələrdə kiçik otellər və butik yerləşmə obyektləri vasitəsilə nisbətən aşağı büdcə ilə tətil etmək mümkündür.
Quba və Qusar istiqamətlərində də münasib qiymətli yerləşmə obyektləri tapmaq mümkündür. Lakin yüksək kateqoriyalı hotellərdə və geniş xidmət paketi təklif edən məkanlarda qiymətlər daha yüksəkdir. Daha bahalı istirahət imkanları əsasən Qəbələ, Quba, Qusar, Şamaxı və Naftalan bölgələrində yerləşir. Bu ərazilərdə premium xidmətlər, SPA mərkəzləri, sağlamlıq proqramları və inkişaf etmiş infrastruktur qiymətlərin yüksəlməsinə təsir edir.
Rəhman Quliyev, işğaldan azad edilmiş ərazilərdə turizm imkanlarının genişlənməsinə də diqqət çəkib. O, bildirib ki, Şuşa, Laçın və Xankəndi istiqamətlərində infrastrukturun inkişafı yeni istirahət imkanları yaradır, bu ərazilərin gələcəkdə mühüm turizm mərkəzlərinə çevriləcəyini vurğulayıb.
Bölgələrdə iki nəfər üçün standart otaqda bir gecəlik qalma qiymətləri 4 ulduzlu hotellərdə 70–100 manat, 5 ulduzlu hotellərdə 100–150 manat, premium kateqoriyalı hotellərdə isə 150–250 manat arasında dəyişir. Qiymətlər, hotelin yerləşdiyi əraziyə, xidmət səviyyəsinə və mövsümi tələbatına uyğun olaraq fərqlənə bilər.