Ezonn Xəbər

Etibarnamə ilə avtomobil və mənzil almaq istəyənlərə XƏBƏRDARLIQ

Etibarnamə ilə avtomobil və mənzil almaq istəyənlərə XƏBƏRDARLIQ
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir. Son zamanlar etibarnamə əsasında avtomobil və mənzil almaq insanların marağına səbəb olub. Lakin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, bu üsulun alıcılar üçün ciddi hüquqi və maliyyə riskləri meydana gətirə biləcəyini bildirib. Onun sözlərinə görə, etibarnamə yalnız müəyyən səlahiyyətlərin həyata keçirilməsinə icazə verir, mülkiyyət hüququnu isə alıcıya vermir. Vüqar Oruc əlavə edib ki, şəxs etibarnamə əsasında alınan əmlaka görə pul ödəsə də, yalnız alqı-satqı müqaviləsi ilə mülkiyyətçi ola bilər. O, hüquqi prosedurların düzgün aparılmalı olduğunu vurğulayaraq, mülkiyyət hüququnun yalnız notariat qaydasında təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilməli olduğunu qeyd edib. AQC sədri, etibarnamə ilə əmlak alan şəxslərin qarşılaşa biləcəyi risklərə də toxunub. Qanunvericiliyə uyğun olaraq, etibarnamə verən şəxs istənilən vaxt bu sənədi ləğv edə bilər. Belə olarsa, alıcı, əmlak üzərində səlahiyyətini itirə bilər. Həmçinin, əmlak sahibinin vəfatı da müəyyən hüquqi məsələlər yarada bilər. O, mülkiyyətin əvvəlki sahibinin borcları və digər hüquqi öhdəliklərinin alıcı üçün əlavə problem yaradacağını da bildirmişdir. Xüsusilə, əmlakla bağlı olan mövcud məhdudiyyətlər sonradan alıcının hüquqları ilə bağlı çətinliklər yarada bilər. Etibarnamə əsasında əldə edilən əmlakın, sonradan başqa şəxsə satılması, bank qarşısında girov qoyulması da hüquqi çətinliklərlə qarşılaşa bilər. Bu səbəbdən, Vüqar Oruc vətəndaşlara əmlak alarkən yalnız etibarnaməyə güvənməmələrini, ödəniş etmədən əvvəl alqı-satqı müqaviləsinin qanunvericiliyə uyğun tərtib edilməsinin üstünlük təşkil etdiyini tövsiyə edir.