Ezonn Xəbər

Məşhur arıqlama iynələri ilə bağlı xəbərdarlıq: Korluğa səbəb ola bilər

Məşhur arıqlama iynələri ilə bağlı xəbərdarlıq: Korluğa səbəb ola bilər
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. ABŞ-nin Qida və Dərman Administrasiyası (FDA) məşhur arıqlama və diabet dərmanlarının istehsalçılarına yeni bir xəbərdarlıq edib. Xəbərdarlıq, GLP-1 qrupuna daxil olan "Ozempic", "Wegovy" və "Mounjaro" preparatlarına aiddir. İdarə, bu dərmanların istifadəsi görmə sinirinin nadir və geri dönməz zədələnməsi ilə bağlı riskin artdığını açıqlayıb. FDA-nın məlumatlarına görə, xəstələr bu dərmanların mümkün riskləri haqqında dərhal məlumatlandırılmalıdır. Qərar, 126 klinik sınağın təhlili nəticəsində qəbul edilib. Araşdırmalar zamanı bu preparatlardan istifadə edən 100 min nəfərdən 6,4-də görmə problemləri qeydə alınıb. Qeyd edək ki, nəzarət qruplarında bu göstərici 3,8 olub. Bununla belə, mütəxəssislər bu fəsadın yaranma ehtimalının aşağı olduğunu bildirirlər. FDA, müalicə prosesi zamanı görməsində qəfil pisləşmə hiss edən xəstələri dərhal həkimə müraciət etməyə çağırıb. "Ozempic" və "Wegovy" preparatlarının istehsalçısı olan “Novo Nordisk” şirkəti, mövcud elmi araşdırmaların bu dərmanlarla ciddi görmə zədələnmələri arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmədiyini qeyd edib. Şirkət, məhsullarının təhlükəsizliyini izləməyə və mümkün əlavə təsirlərlə bağlı məlumatları araşdırmağa davam etdiklərini açıqlayıb.