Ezonn Xəbər

İki böyük kürd nəsli qarşı-qarşıya: İraqda muxtariyyət dağılır!

İki böyük kürd nəsli qarşı-qarşıya: İraqda muxtariyyət dağılır!
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir. İraqın Kürdüstan muxtar bölgəsindəki siyasi böhran daha da dərinləşib. Musavat.com-un məlumatına görə, Kürdüstan Vətənpərvərlər İttifaqının (KVİ) lideri Bafəl Tələbaninin ötən həftə muxtariyyət parlamentinin fəaliyyətində iştirak etməməsi bölgədəki parçalanma ehtimalını gündəmə gətirib. Britaniyanın Chatham House analitik mərkəzinin hazırladığı sənəddə, Kürdüstan Demokrat Partiyasının (KDP) lideri Bərzani və Tələbani ailəsinin rəhbərlik etdiyi KVİ arasındakı ərazi bölgüsü dəqiq göstərilir. Məlumatda, KDP-nin rəhbərlik etdiyi Bərzani ailəsinin Ərbil və Duhok, Tələbani ailəsinin isə Süleymaniyyə və Hələbçə üzərində nəzarətə malik olduğu qeyd edilir. Bu iki siyasi qüvvə arasında münaqişələr, ötən əsrin 70-ci illərində başlayıb. Cəlal Tələbani və Məsud Bərzani, İraqın mərkəzi hökumətinə qarşı mübarizəyə başlayıblar, lakin sonradan münasibətləri kəskin şəkildə pisləşib. 1990-cı illərin ortalarında baş verən silahlı toqquşmalar nəticəsində Tələbani Süleymaniyyə, Bərzani isə Ərbil mərkəzli ərazilərə rəhbərlik etməyə başlayıb. Siyasi baxışlarına görə, Tələbani sol ideologiyaya, İranla sıx əlaqələrə, Bərzani isə İsrail və Qərbə yönəlmiş münasibətlərə sahib olub. Səddam Hüseynin rejiminin devrilməsindən sonra Cəlal Tələbani İraq prezidenti seçilib və Kürdüstan muxtariyyəti yenidən birləşib. Son illərdə isə dövlət vəzifələrinin bölüşdürülməsi və peşmərgə silahlı qüvvələrinin birləşdirilməsi məsələləri üzərindəki fikir ayrılıqları gərginliyi artırıb. Eyni zamanda, ABŞ və İsrailin İranla müharibəsi də, bölgədəki siyasi qarşıdurmaya təsir edən amillərdən biridir. Hal-hazırda, Tələbani ailəsi muxtariyyət daxilində daha geniş inzibati bölgü və bunun hüquqi statusunun rəsmiləşdirilməsini təklif edir.