Trampın əfv qərarları böyük qalmaqala çevrilir – ABŞ Konqresində araşdırma başlayır?
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir.
ABŞ-da prezident Donald Trampın əfv qərarları ən son siyasi qalmaqala səbəb olub. Demokratlar, varlı iş adamlarının və prezidentə yaxın olan şəxslərin xüsusi imtiyazlar müqabilində əfv edilə biləcəyindən narahatdırlar. Bu məsələyə aydınlıq gətirmək məqsədilə Nümayəndələr Palatasında ciddi araşdırmalar aparılması tələb olunur.
Demokrat nümayəndələr, Mayk Levin və Ceyson Krou, prezidentin əfv səlahiyyətlərinin sui-istifadəsinin qarşısını almağa yönəlmiş yeni qanun layihəsi təqdim ediblər. Levin, CBS News-a verdiyi müsahibədə, "Amerikada bütöv bir əfv sənayesi formalaşıb. Burada ən yüksək məbləği ödəyən şəxs faktiki olaraq əfv əldə edə bilər", – deyə bildirib. O, ABŞ qurucularının prezidentə verdiyi səlahiyyətlərin şəxsi maraqlar üçün istifadə olunmasını nəzərdə tutmadığını vurğulayıb.
CBS News-un araşdırması, Trampın ikinci prezidentlik dövründə qəbul edilən əfv qərarlarının təxminən 70 faizinin, Ədliyyə Nazirliyinin iştirak etmədən verildiyini ortaya çıxarıb. Kapitoliyə hücum işində əfv olunanlarla yanaşı, bu rəqəm 92 faizə çatır.
Demokratlar, xüsusilə kriptovalyuta birjası Binance-in qurucusu Çanpen Çjaonun əfv edilməsi üzrə maraqlar toqquşmasının araşdırılmasını istəyirlər. Tramp administrasiyası isə əfv qərarlarının pulla verilməsi iddialarını qəti şəkildə rədd edib. Ağ Evin hüquq müşaviri Uill Şarf qeyd edib ki, prezident konstitusion səlahiyyətlərini etik normalara uyğun həyata keçirir.
Yeni qanun layihəsinin müddəaları arasında, əfv müqabilində pul və digər qiymətli imtiyazların alınmasının qadağan edilməsi, habelə əfv qərarlarının araşdırılması üçün Ədliyyə Nazirliyinin baş müfəttişinin iştirak etməsi də mövcuddur. Müstəqil araşdırma əsnasında prezidentin və vitse-prezidentin cinayət məsuliyyətinə cəlb olunması da nəzərdə tutulub.