Azərbaycanda ən çox və ən az maaş verilən sahələr

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə maaş orta hesabla 4224 manat 80 qəpik təşkil edir. Eyni zamanda, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoru isə ən aşağı maaşlarla seçilib, burada orta əməkhaqqı 745 manat 30 qəpikdir.
Yüksək əməkhaqqı təqdim edən digər sahələr arasında maliyyə və sığorta fəaliyyəti də yer alır, burada orta aylıq maaş 3026 manatdır. İnformasiya və rabitə sektoru 2109 manat 90 qəpik, peşə, elmi və texniki fəaliyyət isə 1915 manat 30 qəpik göstərib.
Digər tərəfdən, ən aşağı maaşların qeydə alındığı sahələr arasında ticarət və nəqliyyat vasitələrinin təmiri, 762 manat 90 qəpik; su təchizatı, tullantıların təmizlənməsi və emalı, 785 manat 60 qəpik; turistlərin yerləşdirilməsi, ictimai iaşə isə 794 manat 10 qəpikdir. Təhsil sahəsində orta aylıq əməkhaqqı 827 manat 70 qəpik, səhiyyə və sosial xidmətlərdə isə 965 manat 30 qəpikdir.
İlin əvvəlindən bəri muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 7,8 faiz artaraq 1172 manat 70 qəpiyə çatıb. Oktyabrın 1-nə Azərbaycanda muzdla çalışanların sayı 1 milyon 790,8 min nəfər olub, bunlardan 836,8 min nəfəri dövlət sektorunda, 954 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
İşçilərin ən böyük hissəsi ticarət və nəqliyyat vasitələrinin təmiri (18,7 faiz), təhsil (17,6 faiz), sənaye (13,9 faiz) və səhiyyə ilə sosial xidmətlər (8,6 faiz) sahələrində çalışır.