Ezonn Xəbər

Teymur Musayev Baş nazirin müavini kimi ilk çıxışını edib

Teymur Musayev Baş nazirin müavini kimi ilk çıxışını edib
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Respublikası Baş nazirinin müavini Teymur Musayev, Türkiyədə keçirilən COP31 sessiyasında çıxış edərək, ölkənin 2030-cu ilədək əlavə 6 giqavat günəş və külək enerjisi istehsal gücü yaratmağı planlaşdırdığını açıqlayıb. O, çıxışında, Türkiyənin COP31-ə sədrliyini yüksək qiymətləndirərək, qardaş ölkənin dialoq və konsensus yönümlü fəaliyyətinə diqqət çəkib. Musayev, eyni zamanda, COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsinə nail olduqlarını vurğulayıb. Bu dövrdə qəbul edilən Bakı Maliyyə Hədəfinin qlobal iqlim fəaliyyəti üçün önəmli bir təməl yaratdığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın iqlim gündəliyindəki fəaliyyəti COP29-dan sonra da davam edib. O, təmsil olunduğu ölkənin 2035-ci ilədək iqlim maliyyələşdirilməsinin illik həcminin 1,3 trilyon ABŞ dollarına çatdırılması üçün “Bakıdan Belemə 1,3 trilyonluq Yol Xəritəsi” hazırladığını bildirib. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə birgə “1,5°C Missiyasına doğru Yol Xəritəsi” layihələrini həyata keçirdiklərini vurğulayıb. Teymur Musayev, Azərbaycanın milli iqlim hədəflərinə də toxunaraq, üçüncü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr çərçivəsində istixana qazı emissiyalarının 40 faiz azaldılması hədəfinin müddətinin 2035-ci ilədək irəlilədiyini bildirib. O, əlavə edib ki, 2060-cı ilədək xalis sıfır emissiya səviyyəsinə çatmağı nəzərdə tutan Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyası da artıq təqdim olunub. Musayev çıxışını, iqlim fəlakətlərinin insanların həyatına təsirini xatırladaraq tamamlayıb, inkişaf etməkdə olan ölkələrin maliyyə resurslarına və texnologiyalara çıxışının vacibliyini vurğulayıb. O, Türkiyənin COP31-ə sədrliyinin qəbul edilmiş öhdəliklərin real nəticələrə çevrilməsi üçün mühüm imkan yaratdığını qeyd edərək, Azərbaycanın digər tərəfdaşlarla sıx əməkdaşlığa hazır olduğunu bəyan edib.