Ermənistanın yeni Konstitusiya layihəsi gələn həftə təqdim olunacaq

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Ermənistanın Müstəqillik Bəyannaməsinə etibar etməyən yeni Konstitusiya layihəsi gələn həftə ictimaiyyətə açıqlanacaq. Bu barədə məlumatı Ermənistanın "Joxovurd" qəzeti hakim partiyanın iclasında müzakirələrin yekunlarına istinad edərək yayıb.
Nəşrin verdiyi məlumata görə, hakim "Vətəndaş Müqaviləsi" partiyasında yeni Konstitusiya layihəsinin bir sıra müddəaları müzakirə olunur. Bu müzakirələr çərçivəsində andlı iclasçılar institutunun tətbiqi məsələsi də gündəmə gəlib.
Qəzetin yazdığına görə, bu təşəbbüs komandada fikir ayrılığına səbəb olub. İdarə heyətinin qapalı iclasında iştirakçıların əksəriyyəti, Ermənistan kimi ictimai münasibətlərin sıx olduğu bir ölkədə andlı iclasçılar institutunun tətbiqinin ciddi problemlərə yol aça biləcəyini vurğulayıb.
Baş nazir Nikol Paşinyan isə bu yanaşmaya qarşı çıxıb və bildirib ki, andlı iclasçılar institutu artıq faktiki olaraq mövcuddur. O, keçmiş prezident Robert Koçaryan və "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın xalqın tələbi ilə həbs edildiklərini xatırladaraq, bu sistemin rəsmiləşdirilməsinin zəruriliyini vurğulayıb.
Başqa bir mühüm məqam, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Konstitusiyanın preambulasında keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı bənd mövcuddur. Azərbaycan isə bu vəziyyətə etiraz edir və Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.