Ermənistanın yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq

Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir.
Ermənistanın yeni Konstitusiya layihəsi gələn həftə ictimaiyyətə təqdim ediləcək. Bu layihədə Müstəqillik Bəyannaməsinə istinadın yer almayacağı bildirilib. Məlumatı Ermənistanın "Joxovurd" qəzeti hakim partiyanın qapalı iclasındakı müzakirələrdən əldə edib.
Xəbərə əsasən, hakim "Vətəndaş Müqaviləsi" partiyasında yeni Konstitusiya layihəsinin bir sıra müddəaları ilə bağlı müzakirələr davam edir. Bu müzakirələr sırasında ölkədə andlı iclasçılar institutunun tətbiqi məsələsi diqqət mərkəzindədir. Qəzetin yazdığına görə, bu təşəbbüs partiya daxilində fikir ayrılığına səbəb olub; iclasda iştirak edənlərin əksəriyyəti Ermənistan kimi ictimai münasibətlərin sıx olduğu bir ölkədə belə bir sistemin tətbiqinin ciddi problemlər yarada biləcəyini vurğulayıb.
Baş nazir Nikol Paşinyan isə bu yanaşma ilə razılaşmayıb. O, keçmiş prezident Robert Koçaryan və "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın məhz xalqın tələbi ilə həbsdə olduqlarını xatırladaraq, andlı iclasçılar institutunun Ermənistan üçün artıq mövcud olduğunu bildirib. Paşinyan bunun rəsmi şəkildə qəbul edilməsinin zəruri olduğunu vurğulayıb.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında vurğulanan bənd, keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin vacibliyini qeyd edir. Azərbaycan isə bu məsələyə etiraz edir, sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini tələb edir.
Materiallardan istifadəyə istinad mütləqdir.