İT milyarderlərinin iç üzündəki peşmanlıq

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Müasir dövrdə informasiya texnologiyaları sahəsi qısa zamanda insanı milyarder edə biləcək bir sektordur. Genç yaşlarda geniş sərvət və global şöhrət qazanan bu şəxsiyyətlər, görünüşdə hamının arzuladığı uğur hekayələrinin qəhrəmanlarıdır. Lakin bu parıltılı görünüşün arxasında bəzən xoşbəxtlik və daxili rahatlığın olmadığını sübut edən faktlar var.
Psixoloqlar bildirir ki, pul insanın rahatlığını artırmaq əvəzinə, yeni qorxular və məsuliyyətlər yaradır. İT sahəsində qısa zamanda varlanan insanların bəzilərinin peşmanlıq hissi keçirməsinin səbəbləri, həm psixoloji, həm sosial, həm də iqtisadi aspektlərdə gizlənir. Ən əsas məsələ isə odur ki, bəzi texnologiya liderləri sərvət qazanmaq uğrunda sağlamlıqlarını qurban verirlər.
Yuxusuzluq, hərəkətsizlik və düzgün qidalanmamaq kimi faktorlardan dolayı uzun müddət sonra tükənmişlik sindromu ilə üz-üzə gəlirlər. Facebook-un yaradıcısı Mark Zuckerberg, psixoloji gərginlik yaşadığını açıq şəkildə etiraf edərək, daima problemlərlə və mənfi xəbərlərlə qarşılaşdığını bildirib. O, meditasiya və fiziki fəaliyyətlə stressini azaltmağa çalışsa da, sonunda psixoloqa müraciət etməyi zəruri sayıb.
Bu insanların yaşadığı təcrübələr, pulun artması ilə birlikdə məsuliyyət, qorxu və stressin də artdığını açıq şəkildə göstərir. Xüsusilə İT milyarderləri, varidat əldə etdikdən sonra depressiya, tənhalıq və həyatın mənasızlığı hissi ilə mübarizə aparırlar. İT dünyasındakı daimi rəqabət isə bu vəziyyəti daha da çətinləşdirir, çünki hər bir milyarder digər milyarderlərlə müqayisə edərək özünün uğursuz olduğunu düşünə bilər. Bu səbəbdən, bu sahədə yaşamın yarada biləcəyi psixoloji gərginlik və depressiya, bir çox texnologiya lideri üçün adi hala çevrilmişdir.
Şəfiqə Şəfa, Bizim.Media