Şəkidə 100-dən çox fıstıq ağacının kəsilməsinə görə 6 nəfər saxlanılıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Şəki rayonunun Kiş kəndində qanunsuz ağac kəsilməsi hadisəsi baş verib. Daxil olan məlumatlara əsasən, Daxili İşlər Nazirliyi (DİN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti birgə əməliyyat keçirərək 100-dən çox fıstıq ağacının kəsilməsi ilə bağlı 6 nəfəri saxlayıb.
Saxlanılanlar arasında Hümmət Feyzullayev, Nüyvər Babayev, Sərxan Hümmətov, Taleh Abdullayev, Rüstəm Məhərrəmov və Qəmlo Nəsirli var. Araşdırmalar nəticəsində müəyyən edilib ki, bu şəxslər qanunsuz olaraq ağacları kəsib daha sonra onları emal edərək satışını həyata keçirib.
Əraziyə baxış zamanı, kəsilmiş ağacların kökləri aşkar olunub. Ekspertlərin rəyinə görə, kəsilmiş ağacların bir qismi 100-150 yaşındadır. Bu fakt, ekoloji tarazlığın pozulmasına və təbiətə ciddi zərər verilməsinə səbəb olub.
DİN, bu cür qanunsuz ağackəsmə hallarının qarşısını almaq məqsədilə araşdırma və nəzarət tədbirlərinin davam etdiyini bildirib. Vətəndaşlara müraciət edərək, ağacların kəsilməsi və zədələnməsi hallarına həssas yanaşmaları və rastlaşdıqları halları dərhal müvafiq orqanlara bildirmələri tövsiyə olunub.