Xankəndidə Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmi internet saytının təqdimatı olub

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 12-də Xankəndi şəhərində Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmi internet saytının təqdimatı baş tutub. Tədbirdə yeni platformanın təqdimatı, Xankəndinin yeni informasiya ünvanı olaraq, dövlətçilik, şəffaflıq və Böyük Qayıdışın rəqəmsal salnaməsi kimi dəyərləndirilib.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, saytın təqdimatının məhz Konstitusiya Günündə baş verməsi qürurverici bir haldır. O, yeni platformanın dövlət qurumunun fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması, vətəndaşlarla daha yaxşı ünsiyyət qurulması baxımından mühüm rol oynayacağını vurğulayıb.
Telmanqızı, müasir dövrdə rəsmi internet saytlarının dövlət qurumları üçün əhəmiyyətli kommunikasiya platforması olduğunu qeyd edib. Yeni resurs vasitəsilə vətəndaşlar Xankəndi, Xocalı və Ağdərə rayonu ilə bağlı layihələr, qəbul edilən qərarlar, yeniliklər və ictimai əhəmiyyətli məlumatlarla tanış ola biləcəklər.
Həmçinin, İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib ki, yeni internet saytında bu bölgələrin tarixi, coğrafiyası, mədəniyyəti və tarixi abidələri haqqında məlumatlar da yer alacaq. Əvvəlcə məlumatlar yalnız sosial media platformaları vasitəsilə yayılırdı, amma yeni sayt bunun üçün daha geniş bir imkan yaradacaq.
Xankəndi Bərpa, Tikinti və İdarəetmə Xidməti, bu yeni internet resursunun istifadəyə verilməsi ilə dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsinə, ictimaiyyətin məlumatlandırılmasının genişlənməsinə və xidmətlərin daha aydın işıqlandırılmasına töhfə verəcəyini deyib.