İçərişəhərdə tarixi binada TƏHLÜKƏ - Mənzili su basır, elektrik naqilləri islanır
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Bakıda, Neftçilər prospekti 87 ünvanında yerləşən tarixi yaşayış binasında bir sakin yağışlardan dolayı ciddi sıxıntılar yaşadığını bildirib. Onun sözlərinə görə, yuxarı mərtəbədən açıq eyvandan sızan su, mənzilinə daxil olaraq tavanı zədələyir, divarlarda isə kif yaranır.
Məsələ ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət edilib. Qurumdan verilən məlumata görə, binadakı sızıntı problemi idarənin diqqətindədir və artıq texniki baxış keçirilib. Problemin səbəbləri araşdırılaraq müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Qurum, tarixi yaşayış fondunun qorunması, bərpası və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılmasını prioritet sayır. Bu istiqamətdə artıq cari il ərzində 6 tarixi binanın 1170 kvadratmetr dam örtüyü və suötürücü sistemləri yenilənib. Eyni zamanda, 213 balkonda təmir-bərpa işləri həyata keçirilib.
Verilən məlumatda həmçinin qeyd olunur ki, yenilənmiş dam örtükləri hələlik ümumi dam fondunun yalnız 1 faizini təşkil edir. İdarə, əlavə maliyyə mənbələrinin cəlb edilməsi ilə işlərin miqyasını genişləndirməyə çalışır. "Məqsədimiz İçərişəhərin tarixi simasını qorumaqla yanaşı, sakinlər üçün daha təhlükəsiz, rahat və yaşamaq üçün əlverişli məkana çevirməkdir", - deyə vurğulanıb.