44 günlük müharibənin film versiyası: “44” filmi kinoteatrlarda nümayiş olundu

Ezonn TV «Sfera.az» mənbəsinə istinadən xəbər verir.
Bu gün Bakının iki məşhur kinoteatrında, "Gənclik Mall" və “28 May”da həyəcanla gözlənilən “44” filmi nümayiş olunur. Filmin izlənilməsi üçün kinoteatrlarda böyük izdiham müşahidə edilib. İzdiham xüsusilə filmin nümayiş saatına yaxın saatlarda daha da artıb, bilet almağa çalışan müştərilər xeyli sayda toplaşıb.
Kinoteatrların girişində müxtəlif yaş qruplarından olan insanların olduğu görünür. Şagirdlərin müəllimlər ilə birgə gəlməsi, iştirakçıların arasında gənclərin üstünlük təşkil etməsi diqqət çəkir. Həmçinin, filmin afişası önündə insanlar xatirə şəkilləri çəkdirməkdən də geri qalmayıblar.
Filmin ilk dəqiqələrində izləyicilər döyüş hadisələrinin axarına sürüklənir. Ekranda Azərbaycan Ordusunun irəliləməsi və əsgərlərin fədakarlığı göz önünə gəlir. Filmdə Xüsusi Təyinatlı Qüvvələrinin hazırlığı da öz yerini tapıb, bu da Zəfərin arxasında illərin zəhmətinin olduğunu bir daha vurğulayır.
“28 May” kinoteatrında isə tamaşaçıların müxtəlif reaksiyaları müşahidə olunur. Bəzi səhnələrdə zalda sükut gözlənilərkən, digərlərində qürur hissi açıq-aydın görünür. Filmin mülki əhali ilə Azərbaycan hərbçiləri arasında münasibəti göstərməsi, izləyicilər üçün dərin düşüncələr yaradan məqamlardan biri olub. Bu, müharibənin acı gerçəkliklərini bir daha gündəmə gətirir.