Ezonn Xəbər

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda mövcud olan 2500 məsciddən 1000-də din xadimi fəaliyyəti yoxdur. Bu məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov parlamentin üç komitəsinin birgə iclasında açıqlayıb. O, qeyd edib ki, ölkədə təyin edilmiş din xadimlərinin sayı təxminən 1300 nəfərdir. İsmayılov, din xadimlərinin üçdə birinin nə ali, nə də orta ixtisas dini təhsili olduğunu vurğulayıb. Eyni zamanda, xaricdə dini təhsil alaraq Azərbaycana qayıtmış şəxslərin sayı 3500 civarındadır. Bu sahədə ixtisaslı milli kadrların hazırlanması prioritetlərdən biridir. Hazırda Azərbaycanda ali dini təhsil verən yeganə müəssisə Azərbaycan İlahiyyat İnstitutu, orta ixtisas dini təhsili verən isə onun tabeliyindəki Bakı İlahiyyat Kollecidir. İsmayılov, institutun məzunlarından təxminən 50 nəfərinin din xadimi kimi fəaliyyət göstərdiyini bildirib. O, son bir ay ərzində iki məzunun Türkiyənin Halkalı bölgəsindəki Zeynebiyə məscidinə imam təyin edildiyini, üç nəfərin isə Gürcüstanda dini sahədə fəaliyyətə başladığını qeyd edib. Eyni zamanda, İsmayılov dini təhsil məsələsində Prezident İlham Əliyevin müəyyən etdiyi dörd əsas prinsipi də vurğulayıb: dini təhsilin ödənişsiz olması, qiyabi formada keçirilməməsi, məzhəblərüstü xarakter daşıması və tələbələrin eyni auditoriyalarda təhsil almasıdır. O, dini radikalizm və ekstremizmlə mübarizənin, milli-mənəvi, tolerantlıq və multikulturalizm dəyərlərinin təbliğinin mühim prioritetlər olduğunu da əlavə edib.