Azərbaycanda təxminən 1000 məsciddə din xadimi yoxdur

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda mövcud olan 2500-ə yaxın məsciddən təxminən 1000-də dini xadim yoxdur. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Milli Məclisin Gənclər və İdman, İctimai Birliklər və Dini Qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında məlumat verib.
Gündüz İsmayılov, din xadimlərinin təyinat alması üçün keçirilən müsabiqələrdə iştirak edənlərin təxminən 1/3-nin heç bir dini təhsil almadığını diqqətə çatdırıb. O, xaricdə dini təhsil almış şəxslərin sayının da 3500 nəfər civarında olduğunu bildirib.
İsmayılov, xaricdə yaşayan azərbaycanlıların dini təhsil alaraq ölkəyə cəlb olunmasının prioritet məsələ olduğunu qeyd edib. Bu yolla, milli kadrların hazırlanması sahəsində mühüm addımlar atmanın vacibliyini vurğulayıb.
Hazırda Azərbaycanda yalnız bir ali dini təhsil müəssisəsi – Azərbaycan İlahiyyat İnstitutu və onun tabeçiliyindəki Bakı İlahiyyat Kolleci fəaliyyət göstərir. İlahiyyat İnstitutunun ilk məzunlarından 50-dən çoxu artıq məscidlərdə təyinat alıb. Eyni zamanda, son bir ay ərzində Türkiyədə iki məzun, Gürcüstanda isə üç məzun dini sahədə fəaliyyətə başlayıb.