Ezonn Xəbər

Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlanıb

Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlanıb
Ezonn TV «Naxçıvan Xəbərləri» mənbəsinə istinadən xəbər verir. 2026-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə edilib. Bu dövr ərzində xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilmişdir. Xəzinədarlıq orqanları tərəfindən 1 milyon 110 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra olunub. Cari ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 33 569,6 milyon manat təşkil edib. Bu göstərici proqnozu 1 163,5 milyon manat, yəni 3.6 faiz üstələyir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 16 065,2 milyon manat təşkil edərək proqnozdan 1 274,2 milyon manat, yəni 8.6 faiz daha çoxdur. Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 47,7 milyon manat, sair daxilolmalar 540,0 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar isə 5 613,5 milyon manat olaraq proqnozdan müvafiq olaraq 33 faiz, 24.6 faiz və 0.03 faiz üstələyib. Dövlət Neft Fondundan transfert isə 10 697,0 milyon manat təşkil edərək proqnoz üzrə 100 faiz icra olunub. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 606,1 milyon manat təşkil edərək proqnoza qarşı 72.4 faiz icra olunub. Yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 28 761,4 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 040,8 milyon manat və ya 3.8 faiz çoxdur. İcmal büdcənin gəlirləri 41 952,0 milyon manat, xərcləri isə 34 082,4 milyon manat təşkil etmişdir.