Azərbaycanda pilotların təlimi üçün əlavə təyyarələr alınacaq - FOTO

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda pilotların təlim uçuşları üçün istifadə olunan "Cessna 172 Skyhawk" tipli hava gəmilərinin sayının artırılması nəzərdə tutulur. Bu barədə "ASG Helicopter Services" MMC-nin qərb texnikası üzrə texniki direktoru Vələd Vələdov məlumat verib.
Hal-hazırda şirkətin xidmət göstərdiyi beş ədəd "Cessna 172 Skyhawk" mövcuddur. Vələdovun sözlərinə görə, gələcəkdə əlavə beş hava gəmisi alınaraq ümumi sayın on ədədə çatdırılması planlaşdırılır. Bu gəmilər ABŞ istehsalıdır və Almaniya istehsalı olan mühərriklərlə təchiz edilib.
Mühərriklərin özəlliyi isə onların həm dizel, həm də aviasiya yanacağı ilə işləyə bilməsidir. Yeni alınacaq hava gəmiləri əsasən Qəbələ Aviasiya Təlim Mərkəzində (ATM) pilotların təlim uçuşları üçün istifadə ediləcək.
Eyni zamanda, "ASG Helicopter Services" MMC hava gəmilərinə texniki xidmət göstərməklə yanaşı, onların texniki servis proqramı çərçivəsində müntəzəm yoxlama işləri, mühərriklərin çıxarılması və quraşdırılması, eləcə də hava gəmilərinin hissələrinin dəyişdirilməsi işlərini yerinə yetirir. Bu cür tədbirlər, həmçinin hava gəmilərinin qanadlarının sökülməsi və quraşdırılmasını da əhatə edir.