"Bitcoin" ucuzlaşır: Kriptovalyuta bazarında nə baş verir?

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Son günlər kriptovalyuta bazarında qiymətlərin ucuzlaşması diqqət çəkir. Xüsusilə "Bitcoin"in 73 min dollar ətrafında geriləməsi, digər kriptovalyutalarda da enişə səbəb olub ki, bu vəziyyət investorlarda narahatlıq yaradıb. Kriptovalyuta üzrə ekspert Elnur Quliyev "Cebheinfo.az"-a verdiyi müsahibədə bu enişin səbəblərini şərh edib.
Elnur Quliyevin sözlərinə görə, qiymətlərdəki azalma ABŞ dollarının möhkəmlənməsi, investorların riskdən qaçması və kriptovalyuta bazarından kapital çıxışı ilə əlaqədardır. Məsələn, "Bitcoin"in qiyməti son altı həftədə 86 min dollardan 15% ucuzlaşaraq 73 min dollar səviyyəsinə düşüb. Eyni zamanda, "Ethereum" 2.050 dollar ətrafında qərarlaşıb.
Kriptovalyutanın ucuzlaşmasının səbəbləri arasında ABŞ-da inflyasiyanın artması da mühüm rol oynayır. Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artıracağı ehtimalı, ABŞ dollarının dəyərini artırıb və bu da riskli aktivlərə təsir edib. Həmçinin, investorların daha ehtiyatlı davranması və bazarlarda potensial satışların artması da qiymətlərin enişinə səbəb olub.
Elnur Quliyev qeyd edir ki, "Bitcoin"in 73 min dollar səviyyəsi mühüm dəstək səviyyəsi hesab olunur. Bu səviyyənin qorunması, qiymətdə sabitləşmə və bərpa üçün əhəmiyyətlidir. Əks halda, satış təzyiqləri daha aşağı qiymət səviyyələrinin sınaqdan keçirilməsi riskini artıracaq. Ümumilikdə, qlobal maliyyə bazarlarında inflyasiya və dolların vəziyyəti əsas müəyyənedici amillər olaraq diqqət mərkəzindədir.
Bütün bunlar fond bazarlarında bərpa və Asiya bazarlarında enişin qeydə alınması ilə müşayiət olunur. Yaxın perspektivdə investorların risk iştahının necə dəyişəcəyi əsas məsələlərdən biri olacaq.